...

Azərbaycan politoloqları Gürcüstanın Cənubi Osetiya üzərində nəzarəti bərpa edəcəyinə inanırlar

Siyasət Materials 8 Avqust 2008 16:49 (UTC +04:00)
Azərbaycan politoloqları Gürcüstanın Cənubi Osetiya üzərində nəzarəti bərpa edəcəyinə inanırlar

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan politoloqları hesab edirlər ki, Gürcüstan müharibə yolu ilə separatçı Cənubi Osetiya üzərində nəzarəti bərpa edəcək.

"Hadisələr onu göstərir ki, rəsmi Tbilisi müharibəyə ciddi hazırlaşıb, güclü orduya malikdir və gürcülər sona qədər öz ərazi bütövlüyü uğurunda döyüşəcəklər" - cümə günü Trend -a müstəqil politoloq Vəfa Quluzadə bildirib.

Trend -un arayışı: 1990 - cı illərin əvvəllərində Gürcüstanın Cənubi Osetiya Muxtar Respublikası Rusiyanın dəstəyi ilə ölkənin tərkibindən çıxıb və öz müstəqilliyini elan edib. Bunun nəticəsində bölgədə müharibə başlayıb və Gürcüstan ərazi bütövlüyünü bərpa edə bilməyib. Dünya ölkələri və beynəlxalq təşkilatlar Cənubi Osetiyanın müstəqilliyini tanımayıb. Münaqişənin sülh yolu ilə həlli üçün on ildən artıq aparılan danışıqlar heç bir nəticə verməyib. Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında genişmiqyasıl hərbi əməliyyatlar başlayıb. Səhərə yaxın isə, gürcü hərbçilərinın Tsinxvaliyə girdikləri barədə məlumatlar yayılıb. Rəsmi Tiflis baş verən hadisələri "Konsitutsiya nizam-intizamının bərpası" adlandırır. Tanınmamış Cənubi Osetiya hökuməti isə Rusiyadan hərbi yardım isəyir.

Bu gün səhər saatlarında Gürcüstanda ehtiyatda olan hərbçilərin səfərbərliyi elan edilib. Bu barədə məlumatı Gürcüstan televiziyası ilə telemüraciətində prezident Mixail Saakaşvili verib. Məlumata görə, son illərdə 100 mindən artıq insan hərbi təlim keçib və ehtiyata alınıb. Hazırlıq keçənlər 25 - 45 yaş arasındadır.

Quluzadə qeyd edib ki, xarici ölkələr və beynəlxalq təşkilatlar Gürcüstanın separatçı Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün müharibəyə başlamasına gizli razılıq verib: "Rusiyanın təkid etməsinə baxmayaraq, BMT Gürcüstanın hərəkətlərini pisləmədi və bütün ölkələr Moskvanın təklifinin əleyhinə səs verdilər. Hətta Çin və Xorvatiya da. Beynəlxalq dəstək Gürcüstanın tərəfindədir" - politoloq əlavə edib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə isə, Trend -a bildirib ki, Saakaşvili hakimiyyəti xeyli müddətdir ciddi şəkildə müharibəyə hazırlaşırdı.

"Rəsmi Tbilisi çalışırdı ki, Cənubi Osetiya separatçı problemini sülh yolu ilə həll etsin. Lakin separatçılardan heç bir cavab gəlmədi. Heç bir dövlətin mərkəzi hökuməti hansısa əyalətdə Konstitusiyaya zidd rejimin olmasına dözə bilməz. Gürcüstan tərəfinin hərəkəti beynəlxalq qanunlara uyğundur", - deyə Mirzəzadə əlavə edib.

O bildirib ki, hərbi əməliyyatlar bir necə gün davam edəcək və bunun necə nəticələnməsi Rusiyanın müharibəyə qoşulub-qoşulmayacağından asılıdır. Mirzəzadə vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının rəsmi Moskvanın mövqeyini müdafiə etməməsi onu göstərir ki, dünya Gürcüstanın hərəkətlərini dəstəkləyir: "Cənubi Osetiyanın qeyri - qanuni hərbi birləşmələrinin də çox zəif olduğu göz önündədir. Ona görə də, hesab edirəm ki, Gürcüstannın həmin ərazidə tam nəzarəti bərpa edəcək".

Müstəqil politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiya Gürcüstan ərazisinin bir hissəsini işğal edib və həmin əraziləri Tbilisidən qoparmaq istəyir.

"Beynəlxalq təşkilatların və xarici ölkələrin, əsasən də ABŞ -ın diplomatik müdaxiləsi ilə müharibə dayanacaq. Rusiya isə, məcbur olacaq ki, Gürcüstana sərf edən təkliflə razılaşsın və bununla da rəsmi Tbilisi Cənubi Osetiya üzərində nəzarətini bərpa edəcək. Rusiyanın təhlükəsizlik təminatları altında həmin ərazi Gürcüstana qayıdacaq", - deyə Əlizadə əlavə edib.

Onun fikrincə, Qərb Gürcüstana müharibə yolu ilə öz ərazi bütövlüyünü bərpa etməyə razılıq verib və bununla bağlı razılaşma var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti