...

Azərbaycanlı politoloqlar Qafqaz ölkələri İttifaqının yaradılmasını qeyri-mümkün sayırlar

Siyasət Materials 12 Avqust 2008 13:22 (UTC +04:00)
Azərbaycanlı politoloqlar Qafqaz ölkələri İttifaqının yaradılmasını qeyri-mümkün sayırlar

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycanlı politoloqlar Qafqaz ölkələri İttifaqının yaradılmasını mümkün hesab etmirlər.

"Qafqaz regionunda mövcud münaqişələr həll edilmədən hər hansı bir ittifaqın yaradılması qeyri-mümkündür", çərşənbə axşamı Trend -a müstəqil politoloq Zərdüşt Əlizadə bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Gürcüstanda baş verən hadisələrlə əlaqədar dünən Qafqaz ölkələrini "Qafqaz İttifaqı"nı yaratmağa çağırıb. O, bu ittifaqın Rusiyasız mümkün olmayacağını bildirib.

Əlizadənin sözlərinə görə, Rusiya təcavüzkar siyasət yürüdürsə, onunla hər hansı bir ittifaqdan söhbət gedə bilməz. "İttifaqları yalnız yaxın ölkələr aralarındakı münasibətləri yüksək səviyyəyə çatdırmaq üçün yaradırlar. Ərdoğan sadəcə postsovet məkanındakı vəziyyəti dərindən dərk etmir, ona görə də məzmunsuz təkliflər verir", - deyə o bildirib.

Politoloq Qafqazda dərin ziddiyyətlər, işğallar, münaqişələr, düşmənçilik olduğu halda ittifaqın yaradılmasını məntiqsiz hesab edir. "Əraziləri işğal altında olan ölkə ilə işğalçı ölkənin birgə ittifaqı qeyri-mümkündür", - deyə Əlizadə bildirib.

Politoloq Hikmət Hacızadə də Trend -a Türkiyə Baş nazirinin ittifaqla bağlı təklifinin birliklərlə bağlı dəfələrlə irəli sürülmüş təşəbbüslərdən biri olduğunu və bu ittifaqın yaradılmasını real hesab etmədiyini bildirib. "Rusiya Qafqazda ağalıq etmək istəyir. Bərabərhüquqlu üzvlərdən ibarət ittifaq mövcud deyil. Ermənistan qonşu dövlətlərə ərazi iddiası irəli sürürsə, münaqişələr həll olunmayıbsa, hər hansı bir ittifaqdan söhbət gedə bilməz", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti