...

Türkiyənin İqdır bölgəsindəki qeyri - hökumət təşkilatları Ermənistanla sərhədlərin açılmasına etiraz edirlər

Siyasət Materials 8 Sentyabr 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Türkiyənin İqdır bölgəsində fəaliyyət göstərən qeyri - hökumət təşkilatları (QHT) Ermənistanla sərhədlərin açılmasına etiraz edirlər.

"Biz Ermənistanla sərhədlərin açılmasının əleyhinəyik, çünki ermənilərin siyasəti türk düşmənçiliyi üzərində qurulub" - deyə İqdırın 12 qeyri - hökumət təşkilatının bazar ertəsi yaydığı birgə bəyanatda bildirilib.

Trend -un arayışı: Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Rəsmi Ankara Ermənistanın qondarma erməni soyqrımı, Türkiyəyə qarşı ərazi iddiaları və Azərbaycan torpaqlarının işğalı ilə bağlı olaraq, Ermənistanla sərhədləri bağlayıb.

Bəyanatda qeyd olunub ki, İqdır QHT-ləri Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfərinə etiraz edirlər.

"Bu səfərin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə haqq qazandıracağından, ermənilərin arqumentlərini gücləndirəcəyindən, beynəlxalq aləmdə təbliğat aparmaq üçün bu ölkəyə güclü imkan yaradacağından, Türkiyənin və türk dünyasının beynəlxalq maraqlarına zərər verəcəyindən narahatıq , - deyə İqdır QHT-ləri bildirib.

Bəyanat müəllifləri vurğulayıblar ki, Gülün səfərinin Azərbaycan xalqını da üzəcəyindən və Türkiyədən küsdürəcəyindən narahatdırlar.

"Nəhayət, çox yaxın zamanda Türkiyənin qarşısında Ermənistanla sərhədlərin açılması tələbinin qoyulacağından narahatıq", - deyə bəyanatda qeyd olunub.

Sənəddə bildirilib ki, son zamanlar bütün bu proseslərin baş verdiyi dövrdə İqdırla qonşu olan Qars bələdiyyəsinin rəhbərliyi Ermənistanla yaxın əlaqələr qurur: "Bütün bunlar yanlışdır və Türkiyənin beynəlxalq maraqlarına, Türkiyə-Azərbaycan dostluğuna zərər verəcək proseslərdir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti