Azərbaycan, Bakı, 10 sentyabr / Trend / Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ölkəsinin Türkiyənin ikitərəfli münasibətləri yaxşılaşdırmaq mövqeyinə müsbət yanaşdığını bildirib.
CNN Türk kanalına müsahibə verən Nalbəndyan Ermənistanın Qafqazda təhlükəsizlik və əməkdaşlıq platformasını dəstəklədiyini bildirib.
Türkiyə xarici işlər naziri Əli Babacanla Yerevanda danışıqlar apardığını deyən Nalbəndyan bu cür görüşlərin ikitərəfli əlaqələrin yaxşılaşmasına müsbət təsir göstərdiyini qeyd edib. O, Türkiyə prezidentinin Ermənistan səfərinə də toxunub: "Abdullah Gülün səmimi niyyəti olduğuna inanıram. Onun bu addımını müsbət qiymətləndirirəm. Ermənistan tərəfi də əlaqələri yaxşılaşdırmağı qarşısına məqsəd qoyub".