Azərbaycan, Bakı, 16 sentyabr/ Trend , müxbir R.Novruzov/ Misirin birinci xanımı Suzanna Mübarək Azərbaycana səfər edəcək. Səfər sentyabrın 23-27-nə təyin edilib, Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov çərşənbə axşamı Qahirədən telefonla Trend -a bildirib.
Misir prezidentinin həyat yoldaşı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəvəti ilə Bakıya gələcək. Xanım Mübarək sentyabrın 24-27-də Azərbaycanın paytaxtında keçiriləcək IV Ümumdünya Gənclərin Məşğulluq Sammitində (YES) iştirak edəcək.
Sammit YES təşkilatı ilə sıx əməkdaşlıqla Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilib. Sammitin məqsədi gənclər arasında işsizlik probleminin həlli üzrə daha fəal işin həyata keçirilməsini təmin etməkdir.
"Hazırda Misirin birinci xanımının səfər proqramı razılaşdırılır", - səfir bildirib.
Səfər çərçivəsində Azərbaycanın birinci xanımının prezidenti olduğu Heydər Əliyev Fondunda görüş nəzərdə tutulub. Bundan başqa, humanitar sahədə əməkdaşlıq məsələlərinin müzakirəsi, Azərbaycanın mədəniyyət və tarixi ilə tanışlıq da gözlənilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]