...

Əfqanıstan hökuməti müxalif qüvvələrlə müzakirələr aparmaq niyyətindədir

Siyasət Materials 18 Sentyabr 2008 11:06 (UTC +04:00)
Əfqanıstan hökuməti müxalif qüvvələrlə  müzakirələr aparmaq niyyətindədir

Əfqanıstan, Kabil, 18 sentyabr / A.Həkimi / Sentyabrın 17-də Beynəlxalq sülh günü münasibəti ilə Kabildə Əmani məktəbinin rəhbərliyi tərəfindən məktəbin konfrans zalında təntənəli mərasim keçirilib. Mərasimdə iştirak edən Əfqanıstanın xarici işlər naziri Rəngin Dadfər İspenta Beynəlxalq sülh günü münasibəti ilə çıxışında Əfqanıstanın müxalif qüvvələrini qarşıdurmaya son qoymağa və münasibətləri sülh yolu ilə müzakirə edərək aydınlaşdırmağa çağırıb.

Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, İspenta bildirib ki, ölkədaxili qarşıdurmaların qarşısının alınması üçün yeganə çıxış yolunu müxalif silahlı qüvvələrlə müzakirələrə başlamaqda görür. O vurğulayıb ki, ölkədə sabitliyin təminatı üçün bu addımın atılması vacibdir.

Əfqanıstan prezidenti Hamid Kərzai də bir neçə dəfə müxalif silahlı qüvvələrin başçıları ilə danışıqlara hazır olduğunu bildirib.

Mərasimdə çıxış edən nazir daha sonra əlavə edib ki, ölkədə sülhün bərqərar olmasına çalışmaq lazımdır və yalnız sülh yolu ilə ölkədə ictimai ədalətə nail olmaq olar.

İspenta həmçinin bildirib ki, son illər ərzində dünyada müharibələr nəticəsində 5 milyon 500 mindən çox insan həlak olub və hazırda dünyanın 33-dən artıq ölkəsində, əsasən Afrika və Asiya ölkələrində silahlı toqquşmalar davam edir.

Talibanın sözçüsü jurnalistlərlə telefon bağlantısı yaradaraq Beynəlxalq sülh günü münasibətilə həmin gün hücumların dayandırılacağı barədə bəyanat verib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti