...

Azərbaycanın hakim partiyası bəzi müxalifət partiyalarının seçkini boykot etməsinin legitimliyə təsiri olmayacağını bəyan edib

Siyasət Materials 18 Sentyabr 2008 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın hakim partiyası hesab edir ki, seçkidə iştirak etməyə gücü olmayan bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsi seçkinin legitimliyinə təsir edə bilməz.

"Seçkinin və seçki nəticəsində formalaşan hakimiyyətin legitimliyi xalqın münasibətindən asılıdır. Bu münasibət isə seçkidə iştirak edən vətəndaşların verdiyi səslərdə özünü göstərəcək", cümə axşamı Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icraçı katibi Əli Əhmədov bildirib.

Trend -un arayışı: Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Əhmədov hesab edir ki, bəzi müxalifət partiyalarının seçkinin baş tutmasını əngəlləməsi ağlasığmaz haldır.

"Beynəlxalq təcrübədə ayrı-ayrı siyasi partiyaların seçkilərdə iştirak etməsindən imtina etməsi hallarına rast gəlinir. Lakin bu o zaman baş verir ki, siyasi partiya keçirilən seçkilərdə iştirak etmək üçün özünün hər hansı bir şansının olmadığını aydın şəkildə dərk edir və yaxud özünün yetərincə qüvvəsi olmadığını etiraf edir. Bu, seçkilərin boykot edilməsi demək deyil. Gücü olmayan siyasi partiyanın seçkilər kimi əhəmiyyətli bir hadisəni boykot etməsi barədə bəyanat verməsi insanlarda yalnız gülüş doğura bilər", - hakim partiyanın sədr müavini əlavə edib.

Əhmədov hesab edir ki, müxalifət partiyaları açıq şəkildə seçkiyə hazır olmadıqlarını və yaxud İlham Əliyev kimi çox güclü, insanlar tərəfindən birmənalı şəkildə dəstəklənən, insanlar arasında yüksək reytinqə sahib olan rəqibin qarşısına çıxmağa özlərinin hazır olmadıqlarını etiraf etsəydilər, bu onlara baş ucalığı gətirərdi.

"Təəssüflər olsun ki, dəfələrlə olduğu kimi, növbəti dəfə də Azərbaycan müxalifətinin bəzi dairələri və ayrı-ayrı nümayəndələri real həqiqəti etiraf etmək əvəzinə, həqiqəti təhrif etmək cəhdlərində bulundular və beləliklə də özlərinin seçkidə iştirak edə bilməmələrini guya Azərbaycan hökumətinin seçkidə onların iştirakı üçün lazımi şərait yaratmaması ilə əsaslandırmağa çalışdılar", - Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan müxalifətinin seçkidə iştirak etmək gücünə malik olmayan hissəsinin keçirilən seçkilərlə bağlı hər hansı bir fikir söyləməsi məntiqdən və siyasi etikadan kənardır.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti