...

Əfqanıstanda oğurlanmış iki İran vətəndaşı azad edilib

Siyasət Materials 25 Sentyabr 2008 16:54 (UTC +04:00)

Əfqanıstan, Kabil, 25 sentyabr / Trend A.Həkimi / Əfqanıstanın İslam Qalə regionunda iki ay öncə naməlum şəxslər tərəfindən oğurlanmış iki İran vətəndaşı çərşənbə günü azad ediliblər.

Trend -un Əfqanıstandakı müxbirinin məlumatına əsasən, İslam Qala regionunun polis rəisi Ləl Məhəmməd bildirib ki, oğurlanmış iki İran vətəndaşı Herat vilayətinin Şindend şəhərində azadlığa buraxılıblar.

Herat vilayəti icra başçısının xarici əlaqəlar üzrə rəisi Hümayun Kamqar bildirib ki, təhlükəsizlik strukturlarının məlumatına görə, iki İran vətəndaşının azad edilməsi üçün 150 min dollar ödənilib.

Tələb olunan məbləğin kimə, harada və necə ödənilməsi barədə məlumat verilmir.

Kamqar bildirib ki, oğurlanan şəxslər Herat vilayətində fəaliyyət göstərən "115" adlı yol çəkən şirkətin əməkdaşları Rza Əzimyan və Həsən Farsi olub.

Herat vilayətinin təhlükəsizlik strukturlarının verdiyi məlumata əsasən, ötən üç ayda bu vilayətdə adam oğurluğu ilə bağlı 10 hadisə qeydə alınıb. Oğurlanan şəxslərdən dördü xarici ölkə vətəndaşı olub.

İndiyədək oğurlanmış şəxslər arasında Əbdürrəhman adlı Almaniya vətəndaşının taleyi barədə heç bir məlumat yoxdur. Əbdürrəhman üç il öncə islam dinini qəbul edib və Herat vilayətinin Gülran qəsəbəsində əfqan bir qadınla ailə həyatı qurub. O, keçən il naməlum şəxslər tərəfindən oğurlanıb və hələ də taleyi məlum deyil.

Dörd ay öncə təhlükəsizlik strukturlarında çalışan adının açıqlanmasını istəməyən şəxs Əbdürrəhmanın öldürüldüyünü bildirmişdi, lakin bu məlumat rəsmi orqanlar tərəfindən təsdiq olunmdı.

Herat vilayətində adam oğurluğu hallarının artması burada yaşayan əhalini narahat edir. Elə bu səbəbdən xarici ölkələrə köç edən əfqanlar arasında bu vilayətin sakinləri üstünlük təşkil edirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti