...

Sərhədlərin qorunması sahəsində mövcud problemlər Bakıda müzakirə olunub

Siyasət Materials 29 Sentyabr 2008 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın sərhəd xidmətləri rəhbərlərinin İşçi Qrupunun bazar ertəsi Bakıda keçirilən iclasında sərhədlərin qorunması sahəsində mövcud problemlər müzakirə olunub. "Ermənistan tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğal olunması nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulub. Hazırda Ermənistanın işğalı altında olan ərazilərdə yerləşən Azərbaycan sərhədləri nəzarətsizdir və biz həmin ərazilərə nəzarət edə bilmirik", - deyə iclasda çıxış edən Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general - leytenant Elçin Quliyev bildirib.

Trend -un məlumatına görə, iclasda 20-yə yaxın ölkənin, İnterpol, FRONTEX Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və sərhəd təhlükəsizliyi sahəsində Avropa İttifaqının Moldova və Ukraynaya yardım missiyasının 50 - dən artıq nümayəndəsi iştirak edib. İclas sentyabrın 30 - da davam etdiriləcək.

Quliyev qeyd edib ki, iclasda müzakirə olunan məsələlər çox aktual mövzulardır: "Bir çox ölkələr sərhədlərdə qanunsuzluqla üzləşirlər. Dövlətlərin hər birinin əsas məqsədi sərhədlərin qorunması olmalıdır. Bu gün dünyada insan alveri, narkotik və silah qaçaqmalçılığı, qanunsuz ticarət dövriyyəsi kimi problemlər var".

O bildirib ki, Azərbaycanın Bakı -Tbilisi - Ceyhan neft, Bakı -Tbilisi - Ərzurum qaz kəmərləri, Bakı -Tbilisi - Qars dəmiryolu kimi böyük layihələrin iştirakçısıdır. Bu da Azərbaycanın sərhədlərinin qorunması sahəsində əlavə məsuliyyət tələb edir.

Azrbaycan prezidentinin hərbi məsələlər üzrə müşaviri, general - leytenant Vahid Əliyev bildirib ki, Azərbaycanın təhlükəsizliyi və sabitliyi dövlətin əsas istiqamətlərindən biridir.

Onun fikrincə, beynəlxalq təhlükəsizlikdə sərhədlərin qorunması vacibdir: "Bütün ölkələr insan alveri, narkotik və silah qaçaqmalçılığı kimi qlobal problemlərlə mübarizə sahəsində öz səylərini birləşdirməli və birgə mübarizə aparmalıdırlar".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti