...

Ermənistan sərhədlərin açılmasını  istəyirsə, qonşuları ilə düzgün şəkildə danışmağı öyrənməlidir - Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü

Siyasət Materials 4 Oktyabr 2008 06:58 (UTC +04:00)
Ermənistan sərhədlərin açılmasını  istəyirsə, qonşuları ilə düzgün şəkildə danışmağı öyrənməlidir - Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü

Fransa, Strasburq, 4 oktyabr / Trend müxbir A.Məhərrəmli/ Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Ədalət və İnkişaf Partiyasının (AKP) Xarici Əlaqələr Birliyinin sədr müavini Özlem Türkönenin Trend -a ekzklüziv müsahibəsi:

- Qafqazdakı Təhlükəsizlik və Sabitlik Platforması ATƏT-in Minsk qrupunun fəaliyyətinə alternativ ola bilərmi ?

- Bu platforma heç bir şəkildə mövcud sistemlərə, mövcud qaydalara, əlaqələrə alternativ və əngəl deyil. Qafqazda gərginlik getdikcə yüksəlir və hər an Rusiya ilə Gürcüstan arasında baş verən müharibə başqa ölkələrə də  sıçraya bilər. Belə bir savaşın baş verməsi ehtimal olunarsa, Azərbaycan, Türkiyə və Ermənistan bəlkədə bundan ən çox zərərçəkən ölkələrin başında yer alarlar. Biz tarixin yaxşı oxunması və dəyərləndirilməsini istəyirik. Avropanın bir çox dəyərləri ї birlik, ədalət, demokratiya, müstəqillik kimi dəyərləri var. Sual oluna bilər ki, bu dəyərlərə Avropa bir gündə nail olub? Bunlar nə zaman ortaya çıxıb? Bunları yaxşı dəyərləndirmək lazımdır. Avropa İttifaqı yaşanan müharibələrin sonucunda sülhə və barışığa gedən yolu ifadə edir. Əgər Qafqazda çəkişmələr enerji və ya digər məsələlərə görə ortaya çıxırsa, biz bir çox münaqişələri bir kənara qoyub öz ortaq sonuclarımızı müəyyən edərək yüksək səviyyəyə qaldırmağın yolunu tapa bilərik. Məqsədimiz ölkələrimizin insanları üçün daha təhlükəsiz və sülhün bərqərar olduğu Qafqazın yaradılması olmalıdır. Türkiyənin keçən əsrin 90-cı illərində təklif etdiyi Qafqazda Əməkdaşlıq Platforması bunun bir nəticəsidir. Yəni tarixdən ibrət dərsi götürməliyik və Avropanın etdiyi kimi milyonların ölümünə səbəb olmadan öz bölgəmizdə daha təhlükəsiz bir mühit yarada bilərik.

- Qafqazda Sabitlik və Təhlükəsizlik Patformasının reallaşması üçün region dövlətlərindən nə tələb olunur?

- Təbii ki, bu platforma ölkələrin dövlət xüsusiyyətlərinə müdaxilə etməyəcək. Bizim məqsədimiz Avropa İttifaqı kimi bir qurum yaratmaq deyil. Bir şey bəllidir: problemlərimizdən danışa bilərik və ancaq dialoq yolu bir platforma yarada bilsək, o halda müharibə etmədən onları həll edə bilərik. Ən azından bunu yaratmaq istəyirik. Biz problemlərimizdən Avropa Şurasında, BMT-də danışırıq, amma öz aramızda sərhəd ölkələrlə bir platformamız yoxdur. Bu problemləri biz yaşayırıq. Əgər Cənubi Qafqazda, Rusiya ilə Gürcüstan arasında baş verənlərə oxşar bir şey daha ağır formada yenidən ortaya çıxarsa, əziyyət çəkən xalq bizim olacaq, Avropa yox. Bu cür əməkdaşığa  bərabər şəkildə getməli və nail olmalıyıq, çünki bu bizim insanlarımızın gələcəyi üçün lazımdır.

- Siz bu Platformanın reallaşmasının şanslarını necə görürsünüz ?

- Əlbəttə, problemlər var. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi, Turkiyə ilə Ermənistan arasında qondarma erməni soyqırım,Rusiyanın Azərbaycana qarşı çox vaxt mənfi münasibəti, habelə Rusiyanın Gürcüstanla problemi kimi məsələlər var. Digər tərəfdən Rusiyanın qondarma erməni soyqırımında Ermənistanı dəstəklədiyini görürük. Bir məsələni demək lazımdır: Bakı-Tbilisi-Ceyhan neft boru kəməri önəmli bir başlanğıcdır. Hər birimizin bu bölgədə ortaq çıxış nöqtəsi var. BTC boru xətti iki səbəbə görə Ermənistandan keçmədi. Birincisi, qardaş Azərbaycan xalqına qarşı edilən haqsızlıq, digər tərəfdən isə sözdə erməni їsoyqırımıї iddiasını əks etdirən səhv mövqe. Buna görə xəttin yolu uzadıldı. Ermənistan bundan faydalana bilmədi. Bu platformada hər kəsin hisslərə qapılmadan rasionallıq nümayiş etdirməsi lazımdır. Ermənistan Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistan xalqının mənafeyi üçün sərhədlərinin tamamilə açılmasını  istəyirsə, qonşuları ilə daha düzgün şəkildə danışmağı öyrənmək və əməkdaşlıq etmək məcburiyyətindədir. Biz ən başlıcası bunu dialoq yolu ilə başlaya və gerçəkləşdirə bilərik. Söylədikərim bir çoxları üçün yuxu kimi görünə bilər, amma unutmaq lazım deyil ki, yuxular onlara inandığımız zaman gerçək olur. 1918-1945-ci illər  arasındakı Avropa  tarixinə baxdıqda acı, üzüntü və göz yaşlarından başqa bir şey yoxdur. Lakin onlar bu maneələri aşaraq dialoq yolu ilə indiki səviyyəyə gəliblər. Mən bu platformaya Qafqazla sərhədləri olan hər bir ölkənin dəstək verməsini istəyirəm. İnanıram ki, danışmağa bu gün  başlasaq, on il sonra başqa bir yerdə ola bilərik.

Xəbər lenti

Xəbər lenti