...

MAQATE-nin ABŞ-ın ittihamları əsasında İranın hərbi obyektlərində araşdırma aparmaq səlahiyyəti yoxdur - İranın MAQATE-dəki səfiri

Siyasət Materials 4 Oktyabr 2008 10:59 (UTC +04:00)
MAQATE-nin ABŞ-ın ittihamları əsasında İranın hərbi obyektlərində araşdırma aparmaq səlahiyyəti yoxdur - İranın MAQATE-dəki səfiri

Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir D.İbrahimova/ İranın MAQATE-dəki səfiri Əli Əsgər Sultaniyə (Ali Asghar Soltanieh) ilə Trend -un müsahibəsi

- MAQATE Baş direktorunun sentyabr məruzəsindən sonra ABŞ İrana qarşı yeni sanksiyaların tətbiq edilməsini tələb edib. Birləşmiş Ştatların belə mövqeyi MAQATE və İran arasında münasibətlərdə öz əksini tapa bilərmi?

- MAQATE-nin konfransında rəsmi çıxışım zamanı söylədiyim kimi, BMT Təhlükəsizlik Şurasının istənilən müdaxiləsi qeyri-məhsuldar olacaq və əlbəttə ki, MAQATE-də vəziyyətə mənfi təsir göstərəcək. Bundan əlavə bu, digər ölkələrlə sülh danışıqları üçün zəruri olan atmosferdə arzuedilməz şəkildə öz əksini tapacaq.

Çox təəssüf ki, qətnamənin qəbulu haqqında məsələ bizim bu problemin həlli üçün digər ölkələrlə danışıqlar masası arxasına əyləşməyə hazır olduğumuz vaxtda müzakirə edilir.

MAQATE Baş direktoru Məhəmməd Əl-Baradeyi artıq beş ildir ki, bütün iclaslarda İranın təyin edilən normalardan yayınmasına dair dəlillərin olmadığı barədə danışıb. MAQATE-nin sonuncu konfransında öz çıxışının birinci hissəsində o bildirib ki, uranın zənginləşdirilməsinin təbiətinin tədqiq edilməsində əhəmiyyətli irəliləyiş əldə edilib. MAQATE-nin bu sənədləri çox vacibdir. Beləliklə, qətnamənin qəbulu üçün əsas yoxdur. Bu qətnamələrdən heç biri səmərəli olmayacaq və yalnız vəziyyəti gərginləşdirəcək.

- İranın rəsmi şəxsləri bəyan edirlər ki, MAQATE-nin bütün suallarına cavab veriblər. Lakin Qərb İrandan nüvə proqramının inkişafının hərbi aspektini işıqlandırmağı tələb edir. İranın izahatlarının hansı bəndləri Qərbi qane etmir?

- Biz Qərb haqqında danışarkən ABŞ, Böyük Britaniya və Fransanı nəzərdə tuturuq. Bu ölkələr MAQATE-nin təhqiqatını kölgədə qoyan addımlar atmağa cəhd göstərirlər ki, bu da çox təhlükəlidir. Biz katibliyin yalnız İrana deyil, digər dövlətlərə qarşı da qanundan kənar şərtlərini heç bir halda qəbul etməyəcəyik. İstənilən dövlət üçün milli təhlükəsizlik prioritetdir. MAQATE-nin bir neçə üzvü istəyir ki, İran hərbi obyektlərini təftiş üçün təqdim etsin. Bu mümkün deyil. Dünyanın heç bir ölkəsi buna imkan verməz. MAQATE-nin bütün nüvə obyektlərinə çıxışı olub. Müfəttişlər burada gecə-gündüz monitorinq apara bilərdilər. İrana qarşı isə guya iranlı diplomatdan oğurlanmış noutbukdan əldə edilən nüvə proqramı haqqında məlumatlar əsasında ittihamlar irəli sürülmüşdü. Bu ittihamlar əsasında İranın hərbi obyektlərində araşdırmalar aparmaq və proqramların işlənilməsini dayandırmaq MAQATE-nin səlahiyyətlərinə daxil deyil.

Biz daima nüvə proqramının inkişafı məsələsində əməkdaşlıq etməyə hazır olmuşuq. Lakin heç bir ölkə, o cümlədən İran hərbi obyektlərdə, eləcədə raketlərin hazırlandığı obyektlərdə araşdırma aparmağa imkan verməz.

- İranın rəsmi şəxsləri iddia edirlər ki, onları şübhə doğuran sənədlərlə tanış etməyiblər. ABŞ-ın MAQATE-dəki səfiri isə Trend -a müsahibəsində bunun əksini söyləyib. Bu iddialardan hansı həqiqətə uyğundur?

- MAQATE-nin sənədləri sonrakı araşdırılma üçün təqdim etməliydi. Bundan əlavə, onlar nüvə obyektlərinin qiymətləndirilməsi ilə İran tərəfini də tanış etməliydilər. İttiham edilən tərəfə ittihamın əks olunduğu sənədləri necə təqdim etməmək olar?

MAQATE üzvlərinə Power Point proqramında təqdimat təqdim ediblər. Bu isə kifayət deyil. ABŞ agentliyə bu sənədləri İrana göstərməyə icazə verməyib. MAQATE sənədləri bizə təqdim etməli, biz isə öz növbəsində onları ekspertlərimizə, o cümlədən hərbi ekspertlərə göstərməliydik. Belə ki, bizi raketlər üçün nüvə başlıqlarının və ya partlayıcı maddələrin olmasında ittiham edirdilər. Biz isə ekspertlərimizin araşdırmalarından sonra cavab verməliydik.

İstərdim ki, siz müsahibədə MAQATE Baş direktorunun səfirlər qarşısında çıxışı zamanı ABŞ-ın təqdim etdiyi sənədlərin doğruluğunu göstərən heç bir dəlilin olmamasını bəyan etməsini də qeyd edəsiniz. Beləliklə, bu sənədlər mötəbər deyil.

Əgər amerikalılar sənədlərin İrandan alındığını bəyan edirlərsə, o zaman nə üçün bu sənədlərin surətlərini bizə təqdim etmirlər? Sənədlər İrandan alınmayıbsa, o zaman onlar ölkənin bu sənədlərdəki informasiyadan özünün nüvə işləmələri üçün istifadə edəcəyindən qorxurlar və deməli, onların ittihamları əsassızır. Bu məntiqidir.

- 70-ci illərdə Hindistana və onun nüvə sənayesinə qarşı sanksiyalar tətbiq edilsə də, hazırda ABŞ bu ölkə ilə əməkdaşlığa hazırdır. Bu əməkdaşlığa necə dəyərləndirirsiniz?

- Bu ikili standartlara nümunədir ї nüvə silahının yayılmaması haqqında müqavilə üçün ciddi tənəzzüldür. Bu konvensiyaya qoşulan ölkələrdə təftiş aparılır və onlara nəzarət edilir, qalan dövlətlər isə nüvə texnologiyalarını inkişaf etdirə bilərlər.

Bu, ABŞ-ın buraxdığı çox böyük səhvdir və nüvə silahının yayılmaması haqqında rejimə mənfi təsir göstərəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti