Türkiyənin Şimali İraq ilə həmsərhəd olan Hakkari bölgəsinin Şəmdinli rayonunda Türkiyə ordusu ilə PKK terrorçuları arasında bu gecə baş verən toqquşmada 15 türk əsgəri şəhid olub, terrorçulardan isə 23 nəfər məhv edilib. Bu haqda CNNTURK Türkiyə Silahlı Qüvvələrinin baş qərargahına istinadən məlumat verib.
Toqquşma terrorçuların gecə Şimali İraq ərazisindən Türkiyə ordusunun bölgədəki Aktütün qərargahını ağır artileriya atəşinə tutmasından sonra baş verib. Terrorçulara qarşı əraziyə əlavə qüvvələr cəlb olunub. Hazırda bölgədə Türkiyə ordusunun nəzarəti daha da gücləndirilib.