...

Azərbaycanda namizədlər prezident seçildikləri halda ilk sərəncamlarının əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı olacağını açıqlayıblar

Siyasət Materials 10 Oktyabr 2008 11:22 (UTC +04:00)
Azərbaycanda namizədlər prezident seçildikləri halda ilk sərəncamlarının  əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı olacağını açıqlayıblar

Azərbayan, Bakı, 10 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda namizədlər prezident seçilərlərsə, imzalayacaqları ilk qərarı müəyyənləşdiriblər. Trend -un cümə günü apardığı sorğu nəticəsində məlum olub ki, prezidentliyə namizədlərin əksəriyyəti bu vəzifəyə seçilərlərsə, ilk olaraq əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalamağı planlaşdırırlar.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müxalifəti təmsil edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib ki, prezident seçilsə, ilk sərəncamı müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin, əlillərin, şəhid ailələrinin, müharibə veteranlarının və digər az təminatlı ailələrin komunal xərclərdən və vergilərdən azad edilməsi ilə bağlı olacaq.

"Mənim iki sərəncamım artıq hazırdır. İkinci sərəncam isə altı ay müddətində Dağlıq Qarabağı erməni işğalından azad etmək haqqında olacaq. Bu sərəncamda qeyd olunacaq ki, üç ay müddətində sülh danışıqları aparılsın. Danışıqlar nəticə verməsə, Azərbaycan ordusunu daha da gücləndirməklə müharibə yolu ilə Dağlıq Qarabağ işğaldan azad edilməlidir", - Hacıyev əlavə edib.

Liberal Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Fuad Əliyevin sözlərinə görə, ölkənin birinci şəxsi seçilərsə, ilk sərəncamı SSRİ dövründə əhalinin banklarda qalan 600 milyon manatlıq əmanətlərinin qaytarılması ilə bağlı olacaq.

"Uzun müddətdir ki, əhali əmanətləri gözləyir. Hazırda Dövlət Neft Fondunda 10 milyard manat pul var. Bu pulun hesabına əhalinin əmanətlərini qaytaracağıq. Bunun mexanizmini hazırlamışıq. Dekabr ayına qədər siyahı tutulacaq və 2009-cu ilin may ayına qədər əmanətlər qaytarılacaq", - deyə prezidentliyə namizəd əlavə edib.

Prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli bildirib ki,Konstitusiyaya uyğun olaraq ilk növbədə Nazirlər Kabinetini istefaya göndərəcək və nazirlərin səlahiyyətlərinin müvəqqəti icrası haqda sərəncam imzalayacaq.

"Bundan sonra isə müəllimlər, həkimlər, mədəniyyət işçilərinin maaşlarını, təqaüdləri və aztəminatlı ailələrin sosial müavinətlərinin artırılması haqda sərəncam imzalayacağam", - deyə prezidentliyə namizəd bildirib.

Hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, dövlət başçısı İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzovbildirib ki, bu məsələ prezidentin səlahiyyətinə aiddir.

Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu qeyd edib ki,prezident seçilərsə ilk sərəncamı Nazirlər Kabinetini istefaya göndərmək haqda olacaq: "Konstitusiyaya görə, prezident seçilən şəxs ilk növbədə Nazirlər Kabinetini istefaya göndərməlidir. Bundan sonra isə çox məsələ var və ikinci sərəncamın nə həqda olacağını düşünmək olar".

Müxalifətdən olan digər namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib ki, prezident seçilərsə imzalayacağı ilk sərəncamı müəyyənləşdirib. Bu sərəncam Milli Etimad Hökumətinin formalaşdırılması haqqında olacaq.

"Milli Etimad Hökumətinin 50 faizi BAXCP və onun müttəfiqlərindən, yerdə qalanları isə müxalifət, o cümlədən seçkidə iştirak etməyən partiyalarda təmsil olunan və dövlətin inkişaf üçün iş görmək qabiliyyətinə mailk şəxslərdən və hazıkı hökumətin korrupsiyaya bulaşmayan nümayəndələrindən ibarət olacaq".

Ümid Partiyasının sədri, müxalifəti təmsil edən namizəd İqbal Ağazadə isə bildirib ki, imzalayacağı ilk qərarı müəyyənləşdirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti