...

Azərbaycanın prezidentliyə namizədləri seçki kampaniyasını uğurla başa vurduqlarını açıqlayıblar

Siyasət Materials 13 Oktyabr 2008 16:51 (UTC +04:00)
Azərbaycanın prezidentliyə namizədləri seçki kampaniyasını uğurla başa vurduqlarını açıqlayıblar

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın prezidentliyə namizədləri seçki kampaniyasını uğurla başa vurduğunu açıqlayıblar. Bu, Trend - un aparığı sorğu nəticəsində məlum olub.

Azərbaycan prezidentliyinə namizəd, müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu hesab edir ki, təbliğat - təşviqat kampaniyası dövründə prezidentliyə digər namizədlərdən daha ciddi iş qabiliyyəti ortaya qoyub.

"Süni şəkildə keçirilmiş sorğurlara əhəmiyyət vermədən cəmiyyətə göstərdik ki, bizim kifayət qədər elektoratımız var. Heç bir namizəd Naxçıvanda tədbir keçirə bilmədi. Biz Naxçıvanda izdihamlı görüş keçirdik. Bir çox rayonlarda, Bakının kəndlərində, paytaxtın mərkəzində görüşlərimiz oldu" - Qəzənfəroğlu bildirib.

Qəzənfəroğlu ölkənin gələcəyi ilə bağlı daha məsuliyyətli proqram irəli sürdüyünü deyib. "Bu istiqamətdə əlimizdən gələni etdik. Elmi cəhətdən əsaslandırılmış müdəalları olan yeganə ciddi platforma təqdim etdik. Televiziya və radio çıxışlarımızda da ölkənin fundamental problemlərinə toxunduq və bu da seçki kampaniyasını uğurlu edən amillərdəndir",- deyə o bildirib. Prezidentliyə namizəd təbliğat - təşviqat kampaniyası dövründə heç bir maneçiliklə rastlaşmadığını bildirib. "Bəzi maneələr olub. Televiziyada efir vaxtları məhdud olsa da, bu problemlər başqa kontekstlə müəyyən olunan nöqsanlardır" - Qəzənfəroğlu əlavə edib.

O, demokratik seçki keçirilsə, minimum 30 faiz səs toplayıb, ikinci tura çıxacağına əmindir. "Bunun bir sıra amilləri var. Azərbaycan ziyalılarının böyük əksəriyyəti, hərəkatçıların çoxu və cəmiyyətin müxtəlif təbəlqələri mənim platformamı dəstəkləyəcək. Bu baxımdan da böyük səs çoxluğu alacağıma əminəm",- deyə Qəzənfəroğlu qeyd edib.

Preidentliyə müstəqil namizəd Qulamhüseyn Əlibəyli təbliğat - təşviqat kampaniyasının ötən seçkilərə nisbətən sakit və normal məcrada keçdiyini bildirib. "Kampaniya dövründə ciddi qanun pozuntuları qeydə alınmayıb. Bir - iki rayonda imzatoplanma, görüşlərin təşkili ilə bağlı kiçik problemlər olub. İmzatoplama kampaniyası, qeydiyyat, təbliğat mərhələsi qanunauyğun keçib", - deyə Əlibəyli bildirib.

Əlibəyli təbliğat kampaniyası çərçivəsində 12 rayonda seçicilərdə görüş keçirdiyini deyib. "Görüşlərdə aktiv təbəqələr iştirak edib. Görüşlərim səsvermədə iştirak edəcək seçicilərin yarısından çoxunu əhatə edib",- deyə o bildirib.

Müxalifətçi namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev təbliğat - təşviqat kampaniyasının uğurlu keçdiyini deyib. "Kampaniyanın birinci günündən bu günə qədər ciddi problemlərlə qarşılaşmamışıq", - deyə Əliyev əlavə edib.

O, hesab edir ki, seçkidə 50+1 faiz səs toplaycaq.

Müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev təbliğat kampaniyası dövründə Lənkəranda keçirdiyi ilk görüşündə icra hakimiyyəti və polislər tərəfindən maneçilik yaradıldığını bildirib. "Bununla bağlı partiya etiraz bəyanatı yaymışdı. Bundan sonra heç bir problem yaradılmayıb. Kampaniya dövründə seçki qanunvericiliyindən irəli gələn problemlərimiz olub. 2003 - cü illə müqayisədə, bu il təbliğat imkanlarımız məhdud olub. Bu onunla bağlıdır ki, özəl telekanallar təbliğat kampaniyasına qatılmayıb. Bundan başqa, ANS yalnız reklam çarxları üçün efir vaxtı ayırıb",- deyə Həsənquliyev əlavə edib.

O, 500 min buklet paylandığını deyib. "Bukletlərdə platformanın bəzi müddəaları yer alıb. Bukletlər Bakıda və Azərbaycanın bütün rayonlarında paylanıb. Platforma elektron KİV vasitəsilə də yayılıb. Əhalinin neçə faizinin seçki plaftormam ilə tanış olması barədə dəqiq rəqəm deyə bilmərəm", - Həsənquliyev qeyd edib.

Neçə faiz səs toplayacağına gəlincə, o, xalqın əvəzinə danışmaq istəmədiyini deyib.

Həsənquliyev hesab edir ki, namizədlər arasında həm görüşlərin sayına, həm də televiziya reklam çarxlarının hazırlanmasına görə, ən yaxşı seçki kampaniyasını aparıb.

Müxalif Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev təbliğat kampaniyasını uğurlu hesab edir. "1 milyon 250 min seçici ilə görüşmüşük. Bəzi rayonlarda maneçiliklər törədilib. Görüşlərimizin hamısında beynəlxalq təşkilatların nümayəndilikləri də iştirak edib", - deyə Hacıyev bildirib.

Hacıyevin fikrincə, təbliğat - təşviqat kampaniyası daha yaxşı ola bilərdi. "Ölkə telekanalları bu prosesə daha çox yer ayıra bilərdilər. Bizim fikirlərimizi ictimaiyyətə çatıdrmaq imkanlarımız daha çox olsaydı, bu gün arxasınca beş nəfəri apara bilməyən boykotçu qüvvələr seçki ab - havasının hiss olunmadığını dilə gətirməzdilər. Ölkədə seçki ab - havası hiss olunur. Bu il 2003 - cü ilə nisbətən böyük irəliliyş var", -Hacıyev deyib.

Nə qədər səs toplayacağına gəlincə, Hacıyev ictimai rəy sorğularında əksər səs çoxluğu ilə ikinci yer aldığını bildirib. Seçkidə 2 - 3 - cü yeri almağımıza bizim elektorat imkan verir. Seçkidə 2 nəfər qalib olacaq. Ya İlham Əliyev, ya da Hafiz Hacıyev.

Müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə seçki kampaniyasının birinci mərhələsini - İmzatoplama kampaniyasını müsbət dəyərləndirib. O, seçki kampaniyasının təbliğat - təşviqat dövrünü qənaətbəxş hesab etdiyini deyib, seçki kampaniyasının passiv olması barədə fikirləri əsassız adlandırıb.

"Bu seçki kampaniyası dövründə ölkədə 150 min CD paylamışıq. 800 min ailə ilə birbaşa təmas qurmuşuq, 600 min mobil telefon nömrəsinə "İqbal Ağazadəyə səs verin" şüarı ilə SMS göndərmişik. Seçki kampaniyası dövrümdə bütün müasir texnologiyalardan istifadə etmişik",- deyə Ağazadə bildirib.

Prezidentliyə namizəd ölkədə ənənəvi emosional seçki ab - havasının olmadığını qeyd etsə də, 15 oktyabrda seçicilərin kütləvi olaraq səsverməyə gələcəklərini bildirib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibi Əli Əhmədovun partiyanın rəsmi saytına verdiyi müsahibəsində bildirib ki, partiya qanunla müəyyən olunmuş müddət ərzində əvvəlcədən planlaşdırılmış və kifayət qədər səmərəli olan seçki - təşviqat kampaniyası həyata keçirib.

"Ötən müddət ərzində Azərbaycanın bir çox yaşayış məskənlərində kütləvi aksiyalar keçirilib və bu tədbirlərdə yüz minlərlə insan iştirak edib. Aksiyalar vətəndaşların siyasi və seçki qabağı fəallığını yüksəldib. Hesab edirəm ki, apardığımız təşviqat kampaniyası prezident seçkisində insanların daha mütəşəkkil və səmərəli şəkildə iştirak etməsinə öz köməyini verəcək", - deyə Əhmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti