...

Azərbaycandakı prezident seçkilərinin normal keçməsi üçün əsas şərtlərdən biri seçici fəallığının olmasıdır - AŞ PA müşahidə missiyasının üzvü

Siyasət Materials 14 Oktyabr 2008 14:17 (UTC +04:00)
Azərbaycandakı prezident seçkilərinin normal keçməsi üçün əsas şərtlərdən biri seçici fəallığının olmasıdır - AŞ PA müşahidə missiyasının üzvü

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə missiyasının üzvü, türkiyəli deputat Mövlud Çavuşoğlu hesab edir ki, ötən seçkilərlə müqayisədə builki prezident seçkilərinə hazırlıq və seçkiöncəsi məsələdə irəliləyişlər var.

"Ötən seçkilərlə müqayisədə hazırda proses sakit keçir və seçkiöncəsi gərginlik müşahidə olunmur", - çərşənbə axşamı Bakıda Trend -a Çavuşoğlu bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Müşahidə missiyasının üzvü hesab edir ki, 2003-cü ildə bəzi namizədlər seçki prosesində gərginlik yaratmışdılar.

"Seçkilərin təşkilində irəliləyişlər var. Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib, seçki siyahıları yenilənib, amma görüləsi işlər də çoxdur, çünki görülən işlər bütün problemlərin həll olunması demək deyil, amma keçmişdə baş verən bir sıra qanun pozuntuları aradan qaldırılıb", - deyə Çavuşoqlu əlavə edib.

Onun fikrincə, seçkilərin normal keçməsi üçün əsas şərtlərdən biri də seçici fəallığının olmasıdır: "Vətəndaşlar demokratiyaya sahib çıxmalıdırlar, öz hüquqlarından istifadə etməlidirlər. Vətəndaşların seçkilərdə iştirakı və xalqın fəallığı yüksək olarsa, hakimiyyət də bu məsələlərin daha yaxşı təşkil olunmasında maraqlı olar və daha yaxşı işləyər".

Çavuşoğlu deyib ki, müxalifətin bir hissəsinin seçkidə iştirak etməməsinin prosesə necə təsir edəcəyini, seçki günü müəyyənləşdirmək mümkün olacaq.

"Amma müxalifətin seçkidə iştirak etməməsi yaxşı hal deyil, xalqın iradəsinə hörmətsizlikdir və səhv addımdır. Siyasi partiyalar xalqın fikirlərini nəzərə almalı, seçkilərdə iştirak etməlidirlər", - deyə müşahidə missiyasınının üzvü əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti