Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bütün maraqlı tərəfləri Azərbaycanda prezident seçkisi üzrə səslərin hesablanması prosesində iştirak etməyə çağırır.
Çərşənbə axşamı keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib ki, səslərin hesablanması prosesində bütün maraqlı tərəflər iştirak edə bilər.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
"Seçki Məcəlləsinə əsasən, səslərin hesablanması prosesində iştirakla bağlı bütün maraqlı tərəflər üçün şərait yaradılmalıdır. Bu prosesdə məntəqə seçki komissiyalarının üzvləri iştirak edəcək. Seçkini müşahidə edənlər üçün bülletenlərin paralel hesablanması üçün şərait yaradılmalıdır", - deyə MSK sədri bildirib.
Onun sözlərinə görə, pralel hesablanmadan sonra nəticələr tutuşdurula bilər. "Əgər uyğunsuzluq olarsa, bunun səbəbləri araşdırılmalıdır", - deyə Pənahov bildirib.
MSK sədri əhalini prezident seçkisində fəal iştirak etməyə çağırıb. "Bütün seçiciləri konstitusiya hüquqlarından istifadə etməyə, seçkilərdə iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıram", - deyə Pənahov bildirib.
Onun sözlərinə görə, seçkilərin ilkin nəticələri axşam saat 10-da elan olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend