...

Azərbaycanda prezident seçkisi ilə bağlı səsvermə başlayıb

Siyasət Materials 15 Oktyabr 2008 08:00 (UTC +04:00)
Azərbaycanda prezident seçkisi ilə bağlı səsvermə başlayıb

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda prezident seçkisi ilə bağlı səsvermə başlayıb.

Bu gün -- oktyabrın 15 - də səsvermə səhər saat 8:00 - da başlayıb, saat 19:00-da başa çatacaq.

Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində beş dəfə (saat 10:00, 12:00, 15:00, 17:00, 19:00) veriləcək. Bu, Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzi vasitəsilə həyata keçiriləcək. Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokolu barədə məlumatlar isə, "Seçkilər" İnformasiya Mərkəzinin İnternet saytında, seçki günündən başlayaraq yerləşdiriləcək. MSK seçkinin ilkin nəticələrini, dairə seçki komissiyaları tərəfindən protokol təqdim edildikdən dərhal sonra, seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində və MSK-nın İnternet saytında yerləşdirəcək.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası, səsvermə günündən başlayaraq, 10 gündən gec olmamaqla, prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq, Azərbaycanın Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. Konstitusiyanın 101 - ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır. Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.

Konstitusiyanın 103 - cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs, prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq, üç gün ərzində and içir.

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Azərbaycan Xalq Cəbhəsi Partiyası,

Azərbaycan Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası, həmçinin Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 milyon 834 min 584 seçici qeydə alınıb. Ötən il tərtib olunan seçici siyahılarında 4 mln.600 mindən çox seçici qeydə alınmışdı. Siyahıya düşən seçicilərin 52 faizi qadın, 48 faizi kişidir.

Prezident seçkisi ilə əlaqədar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148 - i daimi, 33 - ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.

Azərbaycanın 500 seçki məntəqəsində veb - kameralar quraşdırılıb. Veb -kameralar ümumi seçki məntəqələrinin 10 faizini əhatə edir və hər seçki dairəsinin 3 - dən 15-dək məntəqəsində quraşdırılıb.

Azərbaycanda seçkini 60 - a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyəcək. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB - dən qeydə alınıb.

Azərbaycanın dörd Qeyri - Hökumət Təşkilatı - Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), ELS Müstəqil Araşdırmalar Mərkəzi, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi və "RƏY" Monitorinq Mərkəzi "exit-poll" keçirəcək.

MSK tərəfindən 2672 yerli müşahidəçi qeydiyyatdan keçib. Seçki dairələrindən 43 min 100 nəfər qeydiyyata alınıb. Bunlardan 21520 - si siyasi partiyalar, 15772 - si QHT nümayəndələri, 5802 - si müstəqil müşahidəçilərdir.

Prezident seçkisini, aralarında Reuters, AP, TRT, Vesti, NTV, İTAR-TASS, "Anadolu", "Frans-Press", "Azadlıq" radiosu, "EL Pais", "Rossiyskaya qazeta" qəzetləri, "CTB", Rustavi-2, "Mir" telekanalı olmaqla, xarici ölkələrin 27 kütləvi informasiya vasitəsi işıqlandıracaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti