...

Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq silah qaçaqmalçılığı ilə bağlı birgə məlumat yayıblar

Siyasət Materials 17 Oktyabr 2008 18:18 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq silah qaçaqmalçılığı ilə bağlı birgə məlumat yayıblar

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq silah qaçaqmalçılığı ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən, İstanbul - Bakı arasında sərnişin və yük daşıması ilə məşğul olan "Öz Nuhoğlu" şirkətinin Bakı nümayəndəliyinin işçisi Səyavuş Eyvazov Sumqayıt şəhərində ov silahlarının, onların komplekt hissələrinin və döyüş sursatlarının satışı ilə məşğul olan "Franki" firmasının rəhbəri Qürbət Nəcəfov, əvvəllər "Qırmızı körpü" sərhəd - keçid məntəqəsində "Broker" təşkilatında işləmiş Ağstafa rayon sakini İlham Rəhimov və Türkiyə Respublikasının vətəndaşı Hacı Şərəf adlı şəxslə cinayət əlaqəsinə girərək, yivsiz ov və pnevmatik silahların, patronların, ov tüfənginin ehtiyat hissələrinin və qandalların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılığa gəliblər.

Bu məqsədlə Hacı Şərəf Türkiyədə hələlik istintaqa məlum olmayan mənbədən əldə etdiyi silah - sursatı, satış məqsədilə Nəcəfova çatdırılması üçün Türkiyə - Gürcüstan sərhədindən qanunsuz keçirməklə, Eyvazova təhvil verib.

Eyvazov həmin silah - sursatı adları hələlik isintaqa məlum olmayan Gürcüstan vətəndaşlarının "Qazel" markalı avtomaşınına yükləyərək, Gürçüstan -Azərbaycan sərhədinə gətirib və malların qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsi üçün tanışı Rəhimova müraciət edib.

Rəhimov oktyabrın 13 - də həmin silah - sursatı "Sınıq körpü" gömrük postundan gömrük nəzarətindən kənar keçirərək, Qazax rayonunun Şıxlı kəndi ərazisində İntiqam Vəliyevə məxsus KAMAZ markalı avtomaşına yükləyib və Sumqayıt şəhərinə apararkən, polis əməkdaşları tərəfindən saxlanılıb.

Dəstə üzvlərinin əvvəllər də bir neçə dəfə ov silahlarını, onun ehtiyat hissələrini və patronlarını qaçaqmalçılıq yolu ilə respublikaya gətirmələri müəyyən edilib.

Həmin şəxslər həbs olunaraq barələrində cinayət işi açılıb.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində cinayət işi açılaraq, aidiyyatı üzrə şəhər prokurorluğuna göndərilib. Prokurorluqda Cinayət Məcəlləsinin qacaqmalçılıq (206.3.2) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.4) maddələri ilə istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti