Gürcüstan, Tbilisi, 30 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Cümə axşamı gecə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puçun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisiyə gəlib. De Puç aeroportda bildirib ki, nümayəndə heyəti Gürcüstandakı vəziyyət ilə tanış olmaq məqsədilə gəlib.
"Vəziyyətlə yerində tanış olduqdan sonra biz hakimiyyət nümayəndələrinin qiymətləndirməsini dinləyəcəyik və müharibədən çıxmış Gürcüstana necə yardım edəcəyimiz barədə qarar qəbul edəcəyik", - deyə o bildirib.
AŞ PA prezidenti Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya, parlament sədri David Bakradze, xarici işlər naziri Yekaterina Tkeşelaşvili, daxili işlər naziri Vano Merabişvili və reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili ilə görüşəcək.
Səfərdə məqsəd Sarkozi-Medvedyev sazişinin yerinə yetirilməsi ilə tanış olmaqdır. Nümayəndə heyətinin üzvləri münaqişə zonasına baş çəkəcək və orada yaranan vəziyyət ilə yerindəcə tanış olacaqlar.
AŞ PA prezidenti oktyabrın 31-də Gürcüstanı tərk edəcək.
Məqalə müəllifi il əlaqə ünvanı - [email protected]