Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir A.Hüseynbala / Azərbaycanın müxalif Ədalət Partiyası hesab edir ki, ölkənin siyasi problemləri iqtidarla müxalifət arasında dialoq vasitəsilə həll olunmalıdır.
"Güc yolu ilə həll etməyin tərəfdarı deyiləm. Bütün siyasi partiyalar problemlərlə bağlı ümumi qərar qəbul etməlidirlər", - çərşənbə günü Trend -a partiyanın sədri, millət vəkili İlyas İsmayılov bildirib.
Trend -ın arayışı: 2005-ci ilin parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı Ofisinin vasitəçiliyi ilə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar arasında bir necə görüş keçirilib. Sonradan dialoqu davam etdirmək mümkün olmayıb. Oktyabrın 15-də keçirilən prezident seçkisində bir neçə müxalifət partiyası YAP-ın namizədini dəstəkləyib. Seçkidən sonra YAP-ın bu partiyalarla dialoqu məsələsi yenidən gündəmə gəlib.
İsmayılovun fikrincə, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsinin indiyədək nizamlanmamasıdır.
"Problemin həlli uzandıqca, ölkənin bir çox sahələrinin inkişafı da ləngiyir. Düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunarsa, digər problemlərin həlli də sürətlənəcək", - İsmayılov deyib.
Müxalif partiya rəhbərinin sözlərinə görə, sülh danışıqlarında Azərbaycan dövlətinin mövqeyinin aydın olması və əhalini qəbul ediləcək qərara hazırlamaq üçün bu məsələ ətrafında ciddi dialoq aparılmalıdır.
Müxalif hərəkatların daha geniş tərkibdə əməkdaşlığı məsələsinə gəldikdə, İsmayılov həmişə birliyin tərəfdarı olduğunu bildirib.
"Müxalifət pərakəndə fəaliyyət göstərməklə heç nə əldə edə bilməz. Ancaq son hadisələr göstərir ki, Azərbaycanda birlik alınmır. Müxalifətin birləşməsi möcüzə ola bilər. Hər bir partiya daxilindəki ayrı-ayrı qrupların maraqları və liderlərin şəxsi ambisiyaları buna imkan vermir", - İsmayılov vurğulayıb.
Trend -ın arayışı: Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cu ildə Azərbaycan Demokrat Partiyasına birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyədək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]