...

Əfqanıstanda inkişaf üçün aclıq Talibandan daha böyük problemdir

Siyasət Materials 11 Noyabr 2008 16:50 (UTC +04:00)

Əfqanıstan, Kabul, 11 noyabr / Trend , A.Həkimi/

Bu günlərdə təhlükəsizlik və müdafiə məsələləri üzrə Kral İnstitutu (RUSİ) aclığı Əfqanıstanın inkişafı üçün "Taliban"dan daha ciddi potensial təhlükə adlandırıb.

Əfqan xalqının uzaq əyalətlərdə yaşayan böyük hissəsi kənd təsərrüfatıyla - əkinçilik və heyvandarlıqla məşğul olur və kənd təsərrüfatı məhsullarından gələn gəlir hesabına yaşayır. Şiddətli quraqlıq nəticəsində bu məhsullar azalıb.

Ötən il qışdakı soyuqlar yüzlərlə insanın ölümünə səbəb olub, yüz minlərlə baş mal-qara tələf olub. Bu il isə, cüzi məhsul qış üçün ərzaq tədarükünün yığılmasına imkan verməyib. Nəticədə ərzaq tədarükünün olmadığından qışın sərt havası daha da ağır təsir göstərəcək.

Əfqanıstanın bəzi şimal rayonlarına ərzaq çatdırılması güclü qar səbəbindən çətinləşəcək.

Ötən həftə, parlamentin fövqəladə komitəsinin qərbdən Herat dağlarıyla hüdudlanmış Qor əyalətinə səfər edən üzvləri aclıq təhlükəsilə bağlı xəbərdarlıq ediblər.

Təhlükəsizlik və müdafiə məsələləri üzrə Kral İnstitutu (RUSİ) beynəlxalq ictimaiyyəti Əfqanıstanın bölgələrinə yardım göstərməyə çağırıb.

Prezidentin mətbuat katibi Humayun Həmidzadənin sözlərinə görə, bu il ölkə hökuməti keçmişdə olduğundan daha yaxşı hazırlaşıb.

Amma RUSİ hesab edir ki, ölkənin təxirəsalınmaz yardıma ehtiyacı var.

Alman hökuməti artıq Əfqanıstana yardım etməyə hazır olduğunu elan edib. Bu qış dörd şimal əyalətinə yardım üçün Almaniyanın Kabuldakı səfirliyi 1 milyon, Qırmızı Xaç Cəmiyyəti 2 milyon avro ayırıb.

Amma ölkənin şimalına gedən bütün yollar tezliklə güclü qar üzündən bağlanacaq, buna görə də yardım təxirəsalınmadan çatdırılmalıdır.

Qor vilayətinin qubernatoru Xudadad Ərfani Trend -a bildirib ki, "qış fəlakətinin" qarşısını almaq üçün əsas maneə təhlükəsizliyin olmamasıdır. "Taliban" hərəkatının üzvləri şimal rayonlarına qida məhsulları və geyim daşıyacaq maşınlara atəş aça bilərlər.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti