Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın hakim və müxalifət partiyalarının təmsilçilərinin Bakıda səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kremerlə görüşündə prezident seçkisinin nəticələri, demokratiyanın inkişafı, həbsdə olan jurnalistlərlə bağlı məsələlər müzakirə edilib.
"Görüşdə ABŞ Dövlət Katibinin köməkçisi Azərbaycanda jurnalistlərin həbsdə olmasından narahatlığını bildirib və bu məsələnin hakimiyyət nümayəndələri ilə görüşdə müzakirə ediləcəyini vurğulayıb", - çərşənbə axşamı Trend -a görüşdə iştirak edən Müxalifətin Əməkdaşlıq Mərkəzinə (MƏM) daxil olan "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov bildirib.
Trend - un arayişi: Kremelin bu gün Azərbaycana iki günlük səfəri başlayıb. ABŞ Dövlət Katibinin köməkçisi səfər çərçivəsində hökumət, siyasi dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək, KİV, din azadlığı və sərbəst toplaşmaq azadlığı məsələlərini müzakirə etmək niyyətindədir.
Azərbaycanda 3 jurnalist həbsdədir.
Kremerin səfəri Azərbaycan və ABŞ arasında mövcud olan dialoqun davamıdır. ABŞ Dövlət Katibinin köməkçisi sonuncu dəfə ötən ilin iyununda Azərbaycana səfər edib.
Müxalifətin Əməkdaşliq Mərkəzinə "Azadliq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalari), Müsavat Partiaysi və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrin əvvəlində bu siyasi təşkilatlar oktyabrin 15 - də keçirilən prezident seçkisini qanunsuz tanimaq barədə birgə bəyanat imzalayiblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.
Görüşdə MƏM-ə daxil olan siyasi təşkilatlardan, hakim Yeni Azərbaycan Partiyasından başqa, hakimiyyətyönlü partiyalar, eləcə də ABŞ-ın Milli Demokratiya və Respublikaçılar institututlarının Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri iştirak edib. Həmçinin Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri, insan haqları, demokratiyanın inkişafı və azad mətbuatla bağlı problemlər müzakirə olunub.
"Kremer demokratiya, insan haqları və azad mətbuatla bağlı bizim qaldırdığımız problemlərin Azərbaycan hakimiyyətinin rəsmiləri ilə görüşlərində ətraflı müzakirə edəcəyini vəd etdi", - Namazov vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]