Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir C.Babayeva/ Rusiya Azərbaycanın reallaşdırdığı strateji kursun yaxın gələcəkdə ölkənin stabilliyi və çiçəklənməsini təmin edəcəyinə əmindir.
"Azərbaycan Rusiyada uğur anlayışı və inkişaf dinamikası kimi təsəvvür olunur. Bu inkişaf gələcəkdə də davam edəcək, Azərbaycan-Rusiya münasibətləri isə bununla yanaşı, digər dövlətlər üçün nümunə olacaq", - deyə cümə axşamı Bakıda RF-nın Prezident Administrasiyasının Regionlararası və xarici ölkələr ilə mədəni əlaqələr üzrə idarəsinin müdiri Sergey Vinokurov "Azərbaycan XXI əsrdə - uğur strategiyası" mövzusunda keçirilən Dəyirmi masa zamanı bildirib.
Vinokurovun sözlərinə görə, Azərbaycan regionda stabillik və təhlükəsizliyin möhkəmlənməsində olduqca mühüm rol oynayır. "Azərbaycanın strateji uğuru ölkə rəhbəri, prezident İlham Əliyevin düşünülmüş və müdrik siyasəti sayəsində mümkün olub. Onun prezident seçkilərində inamlı qələbəsi Azərbaycan xalqının onun apardığı daxili və xarici kursa yüksək səviyyədə dəstəyini bir daha nümayiş etdirdi", - deyə o bildirib.
Cümə axşamı Bakıda regionun dövlət strukturlarının nümayəndələri və tanınmış politoloqların iştirakı ilə keçirilən Dəyirmi masada "Azərbaycanın uğur strategiyası" mövzusu müzakirə olunur.
Müzakirələr iki sessiyada aparılır - "Azərbaycan və Avrasiya məkanı - stabillik və inkişaf" və "Azərbaycanda siyasi partiyaların rolu və siyasi sistemin fəaliyyəti; ölkənin uğurlu inkişafının əsası kimi, Yeni Azərbaycan Partiyasının proqramı".
Müzakirələrdə Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlilərlə iş Komitəsinin sədri Aleksey Ostrovski, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev, "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunov, Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Sosial Araşdırmalar Fondunun direktoru Rəşad Rzaquliyev, Milli Məclisin deputatları, politoloqlar, Gürcüstan, Qazaxıstan və İrandan olan nümayəndələr iştirak edirlər.