Azərbaycan, Bakı, 21 noyabr/ Trend , müxbir C.Babayeva/ Gürcüstan eksperti Mamuka Areşidze hesab edir ki, Gürcüstanda milli azlıqlara diqqət hiss olunmur.
"Uzun illər ərzində Gürcüstanda milli azlıqların hüquqlarının müdafiəsi sahəsində Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı keyfiyyətli siyasət aparılmayıb.
"Milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası yalnız həmin azlıqların öz nümayəndələrinin təşəbbüsü ilə baş verib", - deyə cümə günü Bakıda Trend -a Areşidze bildirib.
Dekabrda Avropa Şurasının milli azlıqlar konvensiyası Komitəsinin nümayəndələri Tbilisiyə səfər edəcəklər. Onlar burada dövlətin bu sahədə üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirməsi ilə bağlı monitorinq aparacaqlar.
2005-ci ildə Gürcüstan parlamenti "milli azlıqların müdafiəsi haqqında" Avropa çərçivə konvensiyasını təsdiq edib və Gürcüstanın hakim dairələri inteqrasiya sahəsində dövlət siyasətini hazırlamağa başlayıblar.
"Qeyrət" Gürcüstan azərbaycanlıları xalq hərəkatının sədri Əlibala Əsgərov əvvəllər telefonla Tbilisidən Trend -a bildirib ki, Gürcüstanda yaşayan milli azlıqlar təhsil, məşğulluq, torpaq sahələrinin alınmasında hələ də problemlərlə qarşılaşırlar. "Hökumət tərəfindən milli azlıqların problemlərinin həlli üzrə addım atılmır, həmçinin hüquq bazası da yoxdur", - deyə Əsgərov bildirib.
Areşidzenin sözlərinə görə, Gürcüstanda milli azlıqların problemlərinin həlli üçün hüquq bazası var, lakin o işləmir. "Ona görə milli azlıqları ğəmsil edən ən ağıllı və bacarıqlı insanlar Azərbaycan və Rusiyaya gedirlər", - deyə politoloq bildirib.
Onun fikrincə, milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası prosesini sürətləndirmək üçün məhz bu məsələlər ilə məşğul olan ayrıca müəssisə yaradılmalıdır.
"Milli azlıqların özləri də bu prosesdə iştirak etməlidirlər. Parlamentdə milli azlıqları öz xalqını və ölkəsini sevən enerjili insanların təmsil etməsi olduqca mühümdür. İcra Hakimiyyətində də milli azlıqları təmsil edən insanlar olmalıdır. Gürcüstanda yaşayan azərbaycanlılar arasında olduqca çox bacarıqlı adamlar var və onları dövlət vəzifələrinə təyin etmək olar", - deyə Areşidze bildirib.
Milli azlıqların problemlərinin həllinə olduqca həssas və ağılla yanaşmaq lazımdır, çünki dövlət milli azlıqların problemlərini həllə etmədikcə daxildən dağılmaya məruz qalır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]