Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir İ.Əlizadə / Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılması üçün referendum keçirilməsi ilə bağlı məsələni parlamentdə qaldıracaqlar.
"Bizim rəyimiz var və parlamentin növbəti iclaslarında öz təkliflərimizi açıqlayacağıq", - çərşənbə axşamı jurnalistlərə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
Trend - un arayışı: Azərbaycan Konstitusiyasının 101 - ci maddəsinin 5 - ci bəndinə əsasən, heç kəs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti beş ildir.
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılması üçün referendum keçirilməsini təklif edir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend -a açıqlamasında prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı kostitusion dəyişikliyi istisna etməyib.
Novruzov qeyd edib ki, hələlik məsələ hakim partiyada müzakirə olunmayıb. "Lakin YAP-ın mövqeyi ondan ibarətdir ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddə Konstitusiyadan çıxarılmalıdır", - deyə o əlavə edib.
YAP rəsmisi bildirib ki, Konstitusiyada dəyişiklik edilməsi ilə bağlı referendumun keçirilməsinə ya parlament, ya da prezident tərəfindən təşəbbüs irəli sürülə bilər. Onun sözlərinə görə, bu məsələlər müzakirələrdən sonra dəqiqləşəcək.
Deputatın sözlərinə görə, dövlət strukturları YAP-ın irəli sürdüyü bu məsələyə hələlik münasibət bildirməyiblər. "Mən parlamentin deputatıyam və belə bir təşəbbüslə çıxış etmək hüququm var. Rəsmi münasibətin bu məsələyə heç bir aidiyyatı yoxdur", - Novruzov əlavə edib.
YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]