Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva / Dağıstanda girov saxlanılan Azərbaycan vətəndaşı girovluqdan azad olunub.
Trend -un məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti çərşənbə axşamı xəbər verib.
Özlərini prokurorluq və milis əməkdaşları kimi təqdim etmiş 5-6 nəfər şəxs Bakı şəhər sakini Nisbət Fərhadovanı Kızılyurt rayonunun Novoçerkey kəndində girov saxlayıb. Cinayətkarlar onun buraxılması müqabilində 200.000 ABŞ dolları tələb ediblər.
DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində hadisənin yeri və digər təfsilatları müəyyənləşdirilərək bu barədə Dağıstan Daxili İşlər Nazirliyinə məlumat verilib.
Keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində Nisbət Fərhadova girovluqdan azad edilərək Bakı şəhərinə qaytarılıb, hadisəni törədən şəxslər isə saxlanılıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]