...

Azərbaycan parlamenti Əfqanıstanla əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 1 Dekabr 2008 14:44 (UTC +04:00)
Azərbaycan parlamenti Əfqanıstanla əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti Əfqanıstanla əməkdaşlığın inkişaf etməsində maraqlıdır.

"Ümid edirəm ki, bu səfərdən sonra parlamentlərarası əlaqələrdə müəyyən inkişaf olacaq və biz bunda maraqlıyıq", - bu barədə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov bazar ertəsi Bakıda Əfqanıstan Milli Assambleyasının (parlament) sədri Məhəmməd Yunis Qanuni ilə görüşündə bildirib.

Trend -un arayışı: Əfqanıstan parlamentinin sədri Məhəmməd Yunis Qanuni noyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib. Səfərdə məqsəd iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi məsələsini müzakirə etməkdir. Səfər dekabrın 2-də başa çatacaq.

Əfqanıstandakı Beynəlxalq Qüvvələrin strukturunda 45 azərbaycanlı sülhməramlı xidmət edir. Azərbaycanlı sülhməramlılar paytaxt Kabil şəhərində post-patrul xidməti həyata keçirirlər. Azərbaycan parlamenti ötən ay Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılması - 90 nəfərə çatdırılması haqqında qərar qəbul edib. 45 sülhməramlı yaxın günlərdə Əfqanıstana göndəriləcək.

Azərbaycan parlamenti noyabrın əvvəllərində Əfqanıstan parlamenti ilə əlaqələr üzrə İşçi qrup yaradıb.

Əsədov deyib ki, Azərbaycanla Əfqanıstan arasında əlaqələr son illər daha geniş inkişaf edib.

"2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 49 milyon dollara yaxın olduğu halda, 2008-ci ilin səkkiz ayında bu rəqəm 70 milyon dollara çatıb", - deyə spiker əlavə edib.

Əsədov bildirib ki, iki ölkənin nümayəndələri beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etsələr də, parlamentlərarası əlaqələr istənilən səviyyədə deyil.

Azərbaycanın dünyada sülhün bərqərar olunmasına çalışdığını vurğulayan spiker əlavə edib ki, Əfqanıstandakı əməliyyatlarda azərbaycanlı sülhməramlıların iştirakı buna sübutdur.

Qanuni deyib ki, Azərbaycan və Əfqanıstan beynəlxalq əlaqələr sistemində xüsusi əhəmiyyətə malik ölkələrdir: "Parlamentlərarası münasibətlər daha da genişlənməli və inkişaf etməlidir", - Qanuni bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti