...

Azərbaycan deputatları həbsdə olan jurnalistlərin əfv olunmasını istəyirlər

Siyasət Materials 2 Dekabr 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda həbsdə olan jurnalistlərin əfv olunması məsələsi parlamentdə qaldırılıb.

"Parlament Qurban bayramı ərəfəsində jurnalistlərin əfv olunması ilə bağlı dövlət başçısına müraciət etməlidir", - Trend -un məlumatına görə, bu barədə parlamentin çərşənbə axşamı keçirilən iclasında müxalifəti təmsil edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib.

Azərbaycanda 3 jurnalist - "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit, həmin qəzetin baş redaktoru Qənimət Zahid, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədirlər.

Ağazadənin sözlərinə görə, jurnalistlərin azad edilməsi Azərbaycanın imicinə müsbət təsir edər.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, Azərbaycanda əfv fərmanının imzalanması və Amnistiyanın qəbul olunmasının tərəfdarıdır.

"Lakin insanları peşələrinə görə fərqləndirmək olmaz. Hər bir şəxs törətdiyi əmələ görə cəza alır. Əgər əfv fərmanının olmasını istəyiriksə, bu təkcə jurnalistlərə deyil, hamıya şamil olunmalıdır", - Novruzov əlavə edib.

Azərbaycanda 1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 32-i isə mərhum prezident Heydər Əliyev, 13-ü isə hazırkı dövlət başçısı İlham Əliyev tərəfindən imzalanıb. İndiyədək  qəbul olunan səkkiz Amnistiya aktı 40 min məhkuma şamil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti