...

Azərbaycandan Rusiyaya satmaq məqsədi ilə narkotik maddələr aparan dəstə üzvləri həbs edilib

Siyasət Materials 4 Dekabr 2008 14:49 (UTC +04:00)
Azərbaycandan Rusiyaya satmaq məqsədi ilə narkotik maddələr aparan dəstə üzvləri həbs edilib

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir S.Kazımlı / Azərbaycandan Rusiyaya satmaq məqsədi ilə narkotik maddələr aparan dəstə üzvləri həbs edilib. Hadisənin digər iştirakçılarının müəyyən edilib tutulması üçün əməliyyat tədbirləri aparılır. Bu barədə Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin çümə axşamı birgə yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, MTN və Daxili İşlər Nazirliyi (DİN) tərəfindən birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində "Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb, 62 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkar olunaraq götürülüb.

Azərbaycan vətəndaşları - Xangəldi Əliyev, onun qardaşı Firuz Əliyev, Rauf Əhədov, Azər Quliyev və başqaları qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə olan həşişi satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Rusiya Federasiyasına aparmağa cəhd göstəriblər. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən bu niyyətlərini başa çatdıra bilməyiblər. Müəyyən edilib ki, Əhədov 2008-ci ilin oktyabr ayının əvvəllərində hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə aralarındakı cinayət razılaşmasına əsasən, ondan Rusiya Federasiyasına aparmaq məqsədi ilə 11 kiloqram 500 qrama yaxın həşiş alıb. X.Əliyev həmin narkotiki Əhədovdan götürmək barədə sövdələşib və bu məqsədlə qardaşı F.Əliyevi Rusiyadan Azərbaycana göndərib. Bir müddətdən sonra X.Əliyev qardaşının Əhədovdan aldığı narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiyaya aparmaq üçün özü də Bakıya gəlib. F.Əliyev Baki Dəmir Yol Vağzalvnda "Baki-Tümen" qatarının vaqonunda bələdçi işləyən Quliyevlə görüşüb, narkotik vasitənin Rusiyaya aparılmasında köməklik göstərməsi müqabilində ona 5 min ABŞ dolları ödəyəcəyinə söz verib və sonuncu da bu təkliflə razılaşıb.

2008-ci il noyabrın 29-da F.Əliyev Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomaşınla Bakı şəhəri, Bakıxanov qəsəbəsinə gəlib Əhədovla görüşüb və ondan 11 kiloqram 500 qrama yaxın narkotik vasitə olan həşişi alaraq avtomaşında yerləşdirib. Bundan sonra onlar həmin həşişi Baki Dəmir Yol Vağzalına gətirib və Quliyev narkotiki bələdçi işlədiyi "Baki-Tümen" qatarının 8-ci vaqonunun oturacağının altında xüsusi hazırlanan gizli saxlanc yerində gizlədib.

Noyabrın 30-da MTN-nin və DİN-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin qatarın vaqonuna baxış zamanı gizli saxlanc yerindən qrupun üzvlərinə məxsus 11 kiloqram 500 qrama yaxın narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb, X.Əliyev, F.Əliyev, Əhədov və Quliyev saxlanılıblar.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, Quliyev bu il noyabr ayının 25-də əvvəlcədən əldə edilən razılığa əsasən hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə Bakı şəhərindəki "Şərq Bazarı" ticarət mərkəzinin yaxınlığında görüşərək ondan 50 kiloqramdan artıq narkotik vasitə olan həşişi qəbul edib. Həmin şəxs Quliyevə narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasının Tümen şəhərinə aparıb orada ona çatdırmağı tapşırıb və bunun müqabilində 25 min ABŞ dolları ödəyəcəyinə söz verib. Quliyev bu təkliflə razılaşaraq həmin narkotiklərin qablaşdırıldığı bağlamaları idarə etdiyi "Hyundai" markalı avtomaşının yük yerinə qoyub, iki gün avtomaşıninda saxladıqdan sonra bu il noyabrın 27-də bələdçi işlədiyi "Baki-Tümen" qatarının 8-ci vaqonunun xüsusi hazırlanmış gizli saxlanc yerində gizlədib. Dekabrın 1-də Quliyevin bələdçi işlədiyi "Bakı-Tümen" qatarının 8-ci vaqonuna baxış zamanı orada xüsusi hazırlanmış saxlanc yerindən əlavə təxminən 50 kiloqram 142,4 qram həşiş aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığına cəhd (29, 206.3.2-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (234.4.1) və külli miqdarda törədildikdə (234.4.3-cü ) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti