Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir Ü.Sadıqova/ Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əmr Musanın "Yaxın Şərq Dördlüyü"nün (YŞD) bazar ertəsi Nyu-Yorkda keçirilən iclasında iştirakının başlıca məqsədi Fələstin - İsrail barışığının əldə edilməsində ərəb təşəbbüslərinin qabağa çəkilməsidir. "Baş katib iclasda ayrıca olaraq çıxış etməsə də, ərəb ölkələrinin xarici işlər nazirləri ilə birlikdə Fələstin - İsrail münaqişəsinin nizamlanması üzrə ümumi rəyi ifadə edəcək", - ƏDL Baş katibinin mətbuat katibi Əbdüləlim Əbyad telefonla Qahirədən Trend -a bildirib.
Bu gün Nyu - Yorkda "Yaxın Şərq Dördlüyü" sədrlərinin - Rusiya, ABŞ, Aİ, BMT-nin görüşü keçiriləcək. İclasda İordanya və Misirin xarici işlər nazirləri Saleh əl-Bəşir və Əhməd Əbdül Qeyt də iştirak edəcəklər, - RİA Novosti xəbər verib.
Əbyadın sözlərinə görə, ƏDL-in Baş katibi ABŞ-ın başçılıq etdiyi xüsusi müşavirədə iştirak edəcək. Müşavirədə Amerikanın gələn il sülh bağlanması haqqında təklifi nəzərdən keçiriləcək. Əmr Musa Fələstin-İsrail münaqişənin həlli üçün əsas plan qismində 2002-ci ildə Beyrut sammitində qəbul edilmiş "Səudiyyə sülh təşəbbüsü"nün adını çəkib.
O, İsrail qoşunlarının 1967-ci ilin sərhədlərinə çəkilməsini, Şərqi Qüdsün Fələstin tərəfinə, Colan yüksəkliklərinin Suriyaya qaytarılmasını nəzərdə tutur. Sənəd İsraildən Fələstin qaçqınları problemini həll etməyi və Qərb Sahili və Qəzzə Zolağında paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasına razılıq verməsini tələb edir.
Ərəb dövlətləri, bu şərtlərə əməl edildiyi halda, ərəb-İsrail münaqişəsinin başa çatmasını bəyan etməyə, İsraillə sülh bağlamağa və bu ölkə ilə münasibətləri tam normallaşdırmağa hazırdırlar.
"Əmr Musa dəfələrlə bəyan edib ki, ərəb sülh təşəbbüsü bu münaqişənin nizamlanmasında ərəb ölkələrinin maraqlarını əks etdirir", - Əbyad əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]