...

Azərbaycanın müdafiə naziri NATO Baş katibinin müavini ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib

Siyasət Materials 16 Dekabr 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend müxbir C.Babayeva/ Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çərşənbə axşamı NATO Baş katibinin müavini Klaudio Bizoneroyla Dağlıq Qarabağ məsələsini müzakirə edib.

Müdafiə naziri Baş katibin müavinini regiondakı siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin səbəbləri barədə məlumatlandırıb. Bizonero Azərbaycanla əlaqələrdən razılıq ifadə edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

NATO Baş katibinin müavini ikigünlük səfərlə Azərbaycandadır.

"Azərbaycan və NATO arasında münasibətlər çox vacibdir və son vaxtlar bu münasibətlər yalnız möhkəmlənir və mənim Bakıya səfərim buna açıq sübutdur", - Bizonero səfər ərəfəsində Brüsseldən elektron poçtla Trend -a bildirib.

NATO - Azərbaycan münasibətləri 1992 - ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997- ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Əməkdaşlıq Azərbaycanın 1994 - cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasından sonra tədricən ikişaf etməyə başlayıb. İslahatların keçirilməsinə dəstəklə yanaşı, NATO - nun Azərbaycanla əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinədək inkişaf etdirməkdən ibarətdir. 1999 - cu ildən Azərbaycanın hərbi qüvvələri NATO-nun Kosovoda, 2002 - ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarının keçirilməsinə dəstək göstərib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti