...

Parlament spikerinin istefası İraqda yeni siyasi münaqişələrə gətirib çıxara bilər - parlamentin vitse-spikeri

Siyasət Materials 23 Dekabr 2008 23:11 (UTC +04:00)
Parlament spikerinin istefası İraqda yeni siyasi münaqişələrə gətirib çıxara bilər - parlamentin vitse-spikeri

Azərbaycan, Bakı, 23 dekabr / Trend müxbir Ü.Sadıxova/ Mahmud əl-Məşhadaninin istefasının əsas səbəbi müxtəlif siyasi qruplaşmaların təzyiqi olub. Nəticədə bu, partiyalar arasında yeni böhrana gətirib çıxara bilər.

"Əvvəllər parlamentdəki müxtəlif qruplaşmalar əl-Məşhadaninin istefasını tələb edirdilər. Buna görə də o bu gün istefası ilə bağlı ərizəsini Nazirlər Kabinetinə göndərib" - deyə Trend -a telefonla Bağdaddan İraq parlamentinin vitse-spikeri Baha əl-Əraci bildirib.

Bu gün İraq parlamentinin sədri Mahmud əl-Məşhadani rəsmən istefaya gedib. Xəbəri Əl-Cəzirə telekanalı yayıb.

Mahmud əl-Məşhadani parlamentdə sünnü blokunu təmsil edirdi. Buna görə də şiə deputatları mütamadi olaraq ona qarşı çıxırdılar.

İstefa ilə bağlı qərarı Mahmud əl-Məşhadani jurnalist Müntəzər az-Zeydinin ABŞ prezidentinə ayaqqabını atmasından sonra qəbul edib.

İraq hökuməti jurnalistin hərəkətini pisləyib və bu, parlamentdə müxtəlif fraksiyalar arasında yeni mübahisələrə gətirib çıxarıb. Əl-Məşhadani deputatların az-Zeydinin məhkəmə prosesi il bağlı davasından sonra istefası barədə bəyanat verib.

"Mən belə parlamentə rəhbərlik edə bilmərəm", - deyə əl-Məşhadani ötən həftə bəyan edib.

Lakin İraqın siyasi dairələrində hesab edirlər ki, əl-Məşhadaninin gedişi ölkənin təhlükəsizliyinə təhlükə yaradır. Çünki bu, siyasi qruplaşmalar arasında yeni mübahisələrə və köhnələrin mürəkkəbləşməsinə gətirib çıxara bilər.

"Hazırda İraq hökuməti və parlamenti ətrafında gedən mübahisələr yeni siyasi problemlərə gətirib çıxara bilər və spikerin istefası bunun başlanğıcıdır", - deyə əl-Əraci bildirib.

Xəbər lenti

Xəbər lenti