...

Azərbaycanın hakim partiyası referendum üzrə təşəbbüs qrupunun bildirişini MSK-ya təqdim edib

Siyasət Materials 6 Yanvar 2009 12:45 (UTC +04:00)
Azərbaycanın hakim partiyası referendum üzrə təşəbbüs qrupunun bildirişini MSK-ya təqdim edib

Azərbaycan, Bakı, 06 yanvar /TrendNews, müxbir C.Babayeva/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası çərşənbə günü referendum üzrə təbliğat aparmaq məqsədilə yaratdığı "Yeni Azərbaycan" təşəbbüs qrupunun bildirişini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

MSK-ya təşəbbüs qrupunun yaradılması ilə bağlı keçirilmiş iclasların protokolları, 500-dən 2000-ə qədər olan seçicilərdən ibarət təbliğat qruplarının yaradılması ilə bağlı bildiriş, qrupun səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahıları təqdim olunub, Trend -a hakim Yeni Azərbaycan Partiyasından məlumat verilib.    

Trend - un arayışı: Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18 - də keçirilməsi barədə qərar qəbul edib.

Layihədə bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran 101-ci maddənin 5-ci bəndi Konstitusiyadan çıxarılıb.

Bu bəndə əsasən, heç kəs iki dəfədən artıq təkrar Azərbaycan Respublikasının prezidenti seçilə bilməz.

Həmin maddəyə, ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Konstitusiyaya digər dəyişikliklər eks-prezidentin hüquqları və statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandırılması və s. ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Hakim Yeni Azərbaycan Partiyasının təşəbbüs qrupu dekabrın 31-də təsis olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti