...

HƏMAS İsrail üçün seçim qoymadı – Amerika-Yəhudi Komitəsinin (AJC) rəhbəri

Siyasət Materials 8 Yanvar 2009 09:03 (UTC +04:00)
HƏMAS İsrail üçün seçim qoymadı – Amerika-Yəhudi Komitəsinin (AJC) rəhbəri

Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir Ü.Sadıqova/ HƏMAS-ın İsrail ərazilərini raket və minaatanlardan atəşə tutması Təl-Əvivə, yaşayış məskənlərində yerləşən terror infrastrukturunun məhv edilməsi üçün Qəzzə zolağına qoşun yeritməkdən başqa seçim qoymadı.

"Hər bir dövlət kimi, İsrailin də əsas vəzifəsi öz əhalisini qorumaqdır. HƏMAS hərbi obyektlərini qəsdən əhali yaşayan məntəqələrdə yerləşdirib ki, İsrail ordusunun işini daha da çətinləşdirsin", - deyə elektron poçt ilə Trend -a Amerika-Yəhudi Komitəsinin (AJC) icraçı direktoru Devid Harris (David Harris) bildirib.

BBC-nin Fələstin həkimlərinə istinadən verdiyi xəbərə görə, İsrailin artıq 12 gündür ki, Qəzzəyə davam edən hücumları nəticəsində 660-dan çox fələstinli həlak olub, təqribən üç min insan yaralanıb.

İsrailin rəsmi şəxsləri bəyan ediblər ki, "Qurğuşun axını" hərbi əməliyyatları HƏMAS qruplaşmasının üzvlərinin məhv edilməsinə yönəldilib, lakin HƏMAS-ın obyektləri ilə yanaşı, Qəzzənin yaşayış sahələri də zərər çəkib.

Harris bildirib ki, üç il bundan öncə İsrail fələstinlilərlə sülh danışıqlarında irəliləyişə nail olmaq məqsədi ilə qoşunlarını Qəzzədən çıxartdı və Qəzzə zolağı əhalisinə tarixlərində ilk dəfə olaraq yerli hökumət yaratmaq şansı verdi. Lakin onun sözlərinə görə, HƏMAS-ın hakimiyyətə gəlməsi regionda terrorçuluq fəaliyyətini yenidən dirçəltdi.

Amerika-Yəhudi Komitəsinin rəhbəri deyib ki, Misir sərhədindəki tunel vasitəsilə İrandan qaçaqmalçılıq yolu ilə silah idxalı, mötədil Fələstin hökumətinin Qəzzədən qovulması və İsrail ərazilərinin daima raket atəşinə məruz qalması İsraili hərbi əməliyyatlara başlamağa vadar etdi.

"ABŞ və bir çox Avropa İttifaqı ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS Qəzzənin inkişafından çox onun dağıdılmasında maraqlı idi", - deyə Harris bildirib.

Onun fikrincə, İsrail bu cür şəraitdə, hətta onun mövcudluğunu tanımayan biri ilə danışıqlar apara bilməzdi və buna görə də münaqişənin həllini beynəlxalq ictimaiyyətin öhdəsinə buraxdı, lakin bu da uğurla nəticələnmədi.

2007-ci ilin noyabrında Amerikanın Annapolis şəhərində Fələstin prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Exud Olmert geniş danışıqlar aparıblar. Burada Fələstin-İsrail dialoqunun davam etdirilməsi, 2008-ci ilin sonunadək sülh müqaviləsinin imzalanması və müstəqil Fələstin dövlətinin yaradılması qərara alınıb.

2007-ci ildə Fələstin parlamentinə rəhbərlik edən HƏMAS liderləri Annapolisdə aparılan danışıqların nəticələrini tanımayıb və İsrail ilə dialoqdan imtina edib.

2008-ci ilin yayında Misirin vasitəçiliyi ilə HƏMAS ilə İsrail arasında altı ay müddətinə atəşkəs müqaviləsi imzalanıb. Lakin dekabrda sənədin müddəti başa çatan kimi qruplaşmanın üzvləri İsrail hakimiyyətinin Qəzzəni davamlı şəkildə blokadada saxlamasına cavab olaraq İsrailin cənubuna raket zərbələrini bərpa ediblər.

"Belə çətin şəraitdə Misir vasitəçi rolu oynamağa çalışdı ,belə ki, Qahirə də HƏMAS-ın zəifləməsində maraqlıdır", - deyə Harris bildirib.

O hesab edir ki, HƏMAS Misirin "Müsəlman qardaşları" təşkilatı ilə sıx əməkdaşlıq edir ki, bu da Misirin siyasi və ictimai həyatı üçün əhəmiyyətli dərəcədə təhlükə yaradır.

"Misir də digər mötədil ərəb ölkələri kimi, Yaxın Şərqdəki münaqişənin İsrail ilə ərəb dünyası arasında baş vermədiyini görür", - deyə Harris bildirib.

O hesab edir ki, İsrail dinc Fələstin əhalisini öldürmək niyyətində deyil və buna görə strateji cəhətdən ona lazım olan sülhə səy göstərəcək.

"İsrail bu məqsədlə 2000-ci ildə Livan sərhədlərini və 2005-ci ildə Qəzzə zolağını tərk etdi", - deyə Amerika-Yəhudi Komitəsinin rəhbəri vurğulayıb.

Harris hesab edir ki, lakin bugünkü hərbi əməliyyatlar regionda terrorçuluq fəaliyyəti minimuma endiriləcəyi və İsrailə qarşı yönələn qaçaqmalçılıq yolu ilə silah daşınmalarının qarşısı beynəlxalq ictimaiyyət tərəfindən alınacağı təqdirdə dayandırılacaq.

"Ən əsası bu yolun çətin olmasına baxmayaraq, sülhməramlıların sülhə nail olma səylərini dayandırmamasıdır", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti