...

Azərbaycanın hakim partiyası referendumla bağlı toplanmış imzaları Mərkəzi Seçki Komissiyasına təqdim edib

Siyasət Materials 14 Yanvar 2009 18:21 (UTC +04:00)
Azərbaycanın hakim partiyası referendumla bağlı toplanmış imzaları Mərkəzi Seçki Komissiyasına təqdim edib

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın hakim partiyası referendumla bağlı təsis etdiyi təşviqat qrupunun qeydiyyata alınması üçün toplanılan imzaları çərşənbə günü Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Yeni Azərbaycan Partiyasının, bütün rayon və şəhər təşkilatlarını əhatə etməklə, 1000- dək fəalının iştirakı ilə ölkənin bütün seçki dairələrində imzatoplama kampaniyası həyata keçirilib. Səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının kampaniyada  yüksək fəallıq  nümayiş etdirməklə, Konstitusiyaya təklif olunan əlavələr və dəyişiklikləri dəstəklədiklərini və müdafiə etdiklərini bəyanat ediblər, -çərşənbə günü Trend -a partiyanın mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə,"Yeni Azərbaycan" təşəbbüs qrupu Seçki Məcəlləsinə uyğun olaraq, bütün dairələri əhatə etməklə, 47 minə yaxın imzanı MSK-ya təqdim edib.

Trend -un arayışı: Azərbaycanın hakim partiyası "Yeni Azərbaycan", müxalif Müsavat Partiyası "Respublikaçılar" referendum üzrə təşəbbüs qruplaru yaradıblar. Mərkəzi Seçki Komissiyası YAP-ın təşəbbüs qrupunun qeydə alınması üçün imza vərəqələri verib.

"Azadlıq" blokuna daxil olan Xalq Cəbhəsi, Milli Birlik Hərəkatı, Vətəndaş və İnkişaf partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Birlik, Demokrat Partiyası və bir sıra qeyri - hökumət təşkilatları "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı", Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq patiyalarının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq "Azərbaycan Xalq Cümhuriyyəti", Azərbaycan Milli İstiqlal Partiyası isə "Milli İstiqlal" təşəbbüs qrupunun yaradılması barədə qərar veriblər.

Hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı  əvvəllər Trend - a bildirib ki, müxalifət partiyalarının referendum əleyhinə yaratdıqları təşəbbüs qrupları  səmərəsiz olacaq.

Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18 - də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiyanın 29 maddəsinə dəyişiklik edilməsinə dair referendumun keçirilməsi barədə qərar verilib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti