...

Azərbaycan Prezidenti  Davosda keçirilən Azərbaycan üzrə qarşılıqlı biznes əlaqələri qrupunun forumunda iştirak edib

Siyasət Materials 30 Yanvar 2009 20:52 (UTC +04:00)

Yanvarın 30- da  Davusda "Konqress" mərkəzində Azərbaycan üzrə qarşılıqlı biznes əlaqələri qrupunun forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak edib.Məlumatı Azər TAc  dövlət agentliyi yayıb.
Beynəlxalq işgüzar dairələrin iştirak etdiyi forumu Dünya İqtisadi Forumunun Avropa və Mərkəzi Asiya ölkələri üzrə direktoru Stefan Kinnok açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib və bu cür görüşlərin burada iştirak edən işgüzar dairələr üçün faydalı olacağını deyib. 
Prezident İlham Əliyev tədbirdə çıxış edərək, ölkəmizin son illərdəki nailiyyətlərini vurğulayıb, iqtisadiyyatın dinamik inkişaf etdiyini, uğurlu iqtisadi islahatların həyata keçirildiyini, bazar iqtisadiyyatına üstünlük verən və əlverişli coğrafi vəziyyəti olan Azərbaycanın enerji sektorunda əhəmiyyətli işlər gördüyünü, neft və qaz ehtiyatlarını Avropa bazarlarına nəql etdiyini söyləyib.  Prezident İlham Əliyev Azərbaycanda sərmayədarlar üçün yaxşı şərait yaradıldığını, sahibkarlığın inkişaf etdiyini xatırladıb və əlavə edib ki, indi ölkəmiz xaricdə investisiya layihələrində də iştirak edir. Azərbaycanın iqtisadi siyasətinin xalqın rifahının yüksəldilməsinə yönəldiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin ixrac potensialının da yüksək olduğunu deyib.
Sonra Prezident İlham Əliyev iştirakçıların beynəlxalq enerji layihələri, Mərkəzi Asiya ölkələrinin təbii sərvətlərinin Xəzər dənizi vasitəsilə dünya bazarlarına çıxarılması perspektivləri və digər məsələlər barədə suallarına cavab verərək, regional əməkdaşlığa, təhlükəsizliyə mane olan səbəblərdən, xüsusən də Ermənistanın Azərbaycana təcavüzündən, bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 fazinin işğal edilməsindən danışıb, BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətdən əl çəkmədiyini bildirib.
Tədbirdən sonra işgüzar dairələrin nümayəndələri Prezident İlham Əliyevə yaxınlaşaraq, Azərbaycanla əməkdaşlığa, yeni layihələrdə iştiraka və ölkəmizə sərmayə qoymaqda maraqlı olduqlarını bildirib, informasiya texnologiyaları və bank sektoru ilə maraqlanıblar.

Xəbər lenti

Xəbər lenti