...

Naxçıvanda xalq yaradıcılığı günləri keçiriləcək

Siyasət Materials 8 Fevral 2009 00:22 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 8 fevral / Trend , müxbir E.Məmmədov / Naxçıvanda xalq yaradıcılığı günləri keçiriləcək. Bununla bağlı olaraq Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan MR-də xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən qədim tarixə malik olan muxtar respublikada xalq yaradıcılığının qorunub saxlanılması və inkişaf etdirilməsi, xalq sənəti nümunələrinin geniş və sistemli şəkildə tədqiqi, böyüməkdə olan nəslə milli mənəvi dəyərlərin aşılanması məqsədi ilə hər il Novruz bayramı ərəfəsində  xalq yaradıcılığı günlərinin keçirilməsi qərara alınıb.

Bundan əlavə AMEA Naxçıvan bölməsinə tapşırılıb ki, Naxçıvan MR ərazisində mövcud olan etnoqrafik və folklor materialları yenidən toplansın, sistemləşdirilsin və elmi tədqiqatlara cəlb olunması üçün tədbirlər görülsün, əldə olunmuş materiallar əsasında "Naxçıvan Folkloru Antologiyası" hazırlanıb nəşr edilsin, Naxçıvan MR folkloru atlası işlənib hazırlansın, həmçinin Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xalq yaradıcılığı nümunələrinin sistemli şəkildə  təbliği üçün təcili tədbirlər görsün.

Sərəncamda Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan MR Bəstəkarlar Təşkilatına da xalq mahnı və rəqslərinin, Naxçıvanla bağlı saz havalarının tədqiqi və təbliği, eləcə də qədim çalğı alətlərinin tədbiqinə diqqətin artırılması barədə göstərişlər verilib. 

Muxtar respublikada mövcud olan xalq teatrlarının və folklor ansambıllarının fəaliyyətinə hərtərəfli köməklik göstərilməsi də sərəncamda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti