...

İran Parlamentinin sədri ABŞ rəsmiləri ilə görüşüb - İran rəsmisi

Siyasət Materials 12 Fevral 2009 09:00
İran Parlamentinin sədri ABŞ rəsmiləri ilə görüşüb - İran rəsmisi

Trend-i buradan izləyin

İran, Tehran , 11 fevral / Trend , müxbir A.Namdari/ İran Parlamentinin sədri Əli Laricani Almaniyanın Münhen şəhərində ABŞ rəsmiləri ilə görüş keçirib, - adının açıqlanmasını istəməyən İran rəsmisi Trend -a bildirib.

"Laricaninin Münhen Təhlükəsizlik Konfransında iştirakı İran İslam Respublikasının məsləhətlərinə uyğun həyata keçirilib", - deyə adının açıqlanmasını istəməyən təhlükəsizlik sahəsində çalışan rəsmi şəxs Trend -a bildirib.

O həmçinin əlavə edib ki, İran ABŞ-la müzakirələri Laricani vasitəsi ilə həyata keçirməyi daha məqsədə uyğun hesab edir. Adının açıqlanmasını istəməyən İran rəsmisi bu haqda geniş məlumat verməkdən çəkinib.

Fevralın 6-dan 8-dək davam edən 45-ci Beynəlxalq Münhen Konfransına 50 ölkədən 70 nümayəndə heyəti qatılıb.  Konfransda 300 iştirakçı arasında 10-dan yuxarı dövlət və hökumət başçısı, o cümlədən Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Nikola Sarkozi, ABŞ-ın vitse-prezidenti Cozef  Bayden, Polşanın Baş naziri Donald Tusk və İran Parlamentinin spikeri Əli Laricani də iştirak edib.

İki gün öncə Əli Laricaninin himayəsi altında fəaliyyət göstərən "İntixab" xəbər agentliyi İranın bu konfransa mötədil nümayəndə göndərmək niyyətində olduğuna işarə etmişdir.

İntixab xəbər agentliyi İran və ABŞ rəsmiləri arasında görüş haqda məlumat yaymayıb.

İran və ABŞ prezidentləri son günlərdə müzakirələrə hazır olduqlarını bildirib.

İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidentinin "İndi İranın növbəsidir" çıxışının cavabında bildirib ki, İran qarşılıqlı hörmət çərçivəsində danışıqlara hazırdır.

"Barak Obama İranla danışıq aparmaq niyyətindədir. ABŞ öz siyasətini dəyişmək məcburiyyətindədir və strateji olacağı təqdirdə, bu dəyişiklikləri dəstəkləyirik və danışıqlara hazırıq", - deyə İran prezidenti fevralın 10-da İran İslam İnqilabının 30-cu ildönümü münasibəti ilə Tehrandakı çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti