...

İranda 7 bəhai casusluqda ittiham olunaraq həbs olunub

Siyasət Materials 17 Fevral 2009 15:43 (UTC +04:00)

İranda yeddi nəfər bəhai təriqətinin rəhbərləri xarici ölkələrə casusluq etmək ittihamı ilə həbs olunub və yaxın gələcəkdə onlar barədə cinayət işi tamamlanaraq məhkəməyə veriləcək, -  İranın Ədliyyə Nazirliyinin sözçüsü bildirib. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

İranın Ədliyyə Nazirliyinin sözçüsü Əlirza Cəmşidi çərşənbə axşamı yeddi bəhainin həbsi ilə bağlı jurnalistlərə bildirib ki, onlar digər ölkələrə casusluq etdikləri üçün həbs olunub, onların təqsiri sübuta yetirilib və yaxın gələcəkdə məhkəməyə veriləcək.

ABŞ Konqresinin bəzi nümayəndələri İranda insan haqlarının pozulması və azadlığın olmaması barədə sənədi Konqresə təqdim edib. Onlar İrana qarşı insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul etməyi tələb ediblər.

İranın Baş prokuroru Qurbanəli Dürri Nəcəfabadi İranın təhlükəsizlik naziri Qulamhüseyn Möhsini Əjeiyə məktub göndərərək İranda bəhailərin bütün sahələrdə fəaliyyətinin qanunsuz və qadağan olduğunu bildirib.

Nəcəfabadi İran konstitusiyasına əsasən hər bir şəxsin əqidə seçimində azad olduğunu bildirib. "Hansısa əqidəyə inanmaq hər bir şəxsin hüququdur, lakin ictimaiyyətdə təxribat törətmək, təbliğat aparmaq, əhalini aldatmaq qanuna ziddir", - deyə Nəcəfadabi bildirib.

Bəhai icmasının BMT-dəki nümayəndəsi Dəyan Əlayi bəyanat yayaraq həbs olunan 7 nəfərin günahsız olduğunu və onların tezliklə azad olunmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti