...

Azərbaycan Prezidenti "2009-cu ilin "Uşaq İli" elan edilməsi ilə bağlı tədbirlər planı"nın təsdiqi haqqında sərəncam imzalayıb

Siyasət Materials 18 Fevral 2009 19:12 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü "2009-cu ilin "Uşaq İli" elan edilməsi ilə bağlı tədbirlər planı"nın təsdiqi haqqında sərəncam imzalayıb. AzərTAc dövlət agentliyi məlumat yayıb.

Tədbirlər planında Azərbaycan uşaqları haqqında məlumat bankının, internet saytının, xüsusi portalın yaradılması, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, respublika uşaq yaradıcılıq festivalının, habelə Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin və "Şərq-Qərb" beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, eləcə də BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə yönəldilmiş müxtəlif tədbirlərin təşkil edilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi əksini tapıb.

Bundan başqa "Uşaq İli" ilə bağlı yeni teatr tamaşalarının hazırlanması, dövlət uşaq müəssisələrində tamaşaların və konsert proqramlarının təşkili nəzərdə tutulur. Tədbirlər planına əsasən, "Uşaq İli" çərçivəsində uşaqların sağlamlığı və təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr aparılacaq, sağlamlaşdırıcı tədbirlərin və sağlam həyat tərzinin təbliğinə diqqət yetiriləcək, uşaqlarda yoluxucu xəstəliklərin immunprofilaktikası işinin təkmilləşdirilməsi tədbirləri gücləndiriləcək, irsi qan xəstəliklərinə düçar olmuş uşaqlar üçün qanvermə aksiyaları keçiriləcək, sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə bağlı standartlar təkmilləşdiriləcək.

Tədbirlər planında müasir tipli ümumtəhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının müasir standartlara uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, uşaqlar arasında intellektual yarışların keçirilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti