...

Gürcüstan parlamentariləri ölkədə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində səylərini gücləndirəcəklər

Siyasət Materials 23 Fevral 2009 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir C.Babayeva / Gürcüstan parlamentariləri ölkədə yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində səylərini gücləndirəcəklər.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Gürcüstan Parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Pridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların təhsil, torpaq, onların məskunlaşdıqları kəndlərin tarixi adlarının gürcü dilinə dəyişdirilməsi, bir neçə kəndlərdə xristian xaçlarının basdırılması, Gürcüstan-Azərbaycan sərhəddində onların üzləşdikləri problemlər müzakirə olunub.

Gürcüstan Parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Todua ölkədə yaşayan azərbaycanlıların problemlərilə bağlı əlaqədar qurumlarla müzakirələr aparacağını və onların həllində səylərini gücləndirəcəklərini bildirib.  

Gürcüstan azərbaycanlılarının qeyri-hökumət təşkilatlarının qeyri-rəsmi məlumatlarına görə, Gürcüstanda, əsasən, Kvemo-Kartli rayonunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır.

Gürcüstan parlamentinin nümayəndələri Milli Məclisin dəvəti ilə fevralın 23-də Bakıya gəliblər. Nümayəndə heyətinə Azərbaycan-Gürcüstan parlamentlərarası qrupunun başçısı vitse-spiker Todua başçılıq edir. 

Gürcüstanlı qonaqlar səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və  Milli Məclisin spikeri Oqtay Əsədovla görüş keçirəcəklər. Bununla yanaşı Azərbaycan parlamentinin komissiyalarında və xarici işlər, səhiyyə, əmək və əhlinin sosial müdafiəsi nazirliklərində görüşlər keçiriləcək. 

Gürcüstan nümayəndə heyətinin tərkibinə Todua ilə yanaşı vitse-spiker Pata Davitaya, Otar Toidze, Dilar Xabuliani, David Bejuaşvili, Ramin Bayramov və Kaxaber Okriaşvili daxildir.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti azərbaycanlı həmkarlarını öz ölkələrindəki vəziyyətlə tanış edəcək və ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti