Gürcüstan, Tbilisi, 26 fevral / Trend , N.Kirtsxaliya /
Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyənin dövlət naziri Kürşad Tüzmən və türkiyəli biznesmen Neretin Çelmidi "Qızıl dəri" mükafatı ilə təltif edib. Mükafatlar Batuminin "Hilton" mehmanxanasında gürcü lideri tərəfindən təqdim edilib.
Gürcüstan prezidenti fevralın 24-25-də Tbilisi və Batumidə keçirilən Gürcüstan-Türkiyə biznes forumunda iştirak edən Türkiyə biznesinin nümayəndələri ilə görüşüb.
"Türkiyəli iş adamlarının yenidən Gürcüstana sərmayə qoymaq və hətta onun həcmini artırmaq istəyi bizim üçün çox vacibdir", - Saakaşvili deyib.
Onun sözlərinə görə, bugünkü iqtisadi münasibətlər "regionda presedenti olmayan və irəliyə doğru açılışdır".
Gürcüstan prezidenti bildirib ki, Türkiyə biznesi Batumi və Potidə azad iqtisadi zonanın inkişafında öz rolunu oynayır.
"Enerji sahəsindəki əməkdaşlığımız isə uğurla inkişaf edir. Bu, yaxın zamanlarda Gürcüstanda türk vəsaiti hesabına yeni HES və EÖX-lərin tikintisinə özünü göstərəcək. Bu da öz növbəsində Gürcüstanın ixrac imkanlarını genişləndirəcək", - Saakaşvili əlavə edib.
Tüzmən bildirib ki, mükafat onun üçün gözlənilməz olub və o, Gürcüstana bacardığı qədər yardım etmək üçün bütün tədbirlərə əl atacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]