...

Türk təyyarəsinin pilotu təcili enmək üçün icazə istəyib

Siyasət Materials 26 Fevral 2009 20:35 (UTC +04:00)

Türkiyə, Ankara, 26 fevral / Trend , müxbir A.Ələsgərov / Türkiyəyə məxsus təyyarənin Amsterdamın "Sxipxol" hava limanında qəzaya uğramasının bəzi təfərrüatları tədricən məlum olur.

"Boinq"-in uçuşu son ana qədər normal şəkildə davam edib və 11:30-da təyyarə hava limanına enməyə üz tutub. "Hürriyət"-in xəbər verdiyi kimi, bu an təyyarənin pilotu Hasan Tahsin Arısan dispetçerlərdən təcili enmək üçün icazə istəyib. Ancaq təyyarə məlum olmayan səbəblər üzündən enmə zolağına çatmayaraq zolaqdan 1800 metr kənarda yerə çırpılaraq üç hissəyə bölünüb.

Təyyarədə 71 nəfəri Türkiyə vətəndaşı olmaqla, 127 sərnişin və 7 pilot olub. Altı sərnişin və üç pilot həyatını itirib, 84 nəfər yaralıdan isə altısının vəziyyəti ağır olaraq qalır. Əksər sərnişinlərin adları açıqlandıqda içərilərində Azərbaycan vətəndaşlarının olmadığı üzə çıxıb. Bəzilərinin isə kimliyi hələ də müəyyənləşdirilməyib.

Bədbəxt hadisə zamanı xəsarət alanlar xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir. Təyyarənin danışıqları qeyd edən "qara yeşiyi" tədqiq edilmək üçün Parisə göndərilib.

Xəbər lenti

Xəbər lenti