...

HƏMAS milli dialoqun bütün tələblərinə riayət etməlidir – FƏTH nümayəndəsi

Siyasət Materials 14 Mart 2009 09:20 (UTC +04:00)
HƏMAS milli dialoqun bütün tələblərinə riayət etməlidir – FƏTH nümayəndəsi

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir Ü.Sadıxova /

HƏMAS Fələstin Muxtariyyətində (FM) təhlükəsizlik problemlərinin həllinə yardım edəcək milli Fələstin Hökumətinin formalaşdırılması üçün dialoqun bütün bəndlərinə riayət etməlidir. Bu barədə Qahirədə HƏMAS ilə danışıqlarda FƏTH-in nümayəndə heyətinin rəhbəri Nabil Şaat bildirib.

"HƏMAS bütün tələblərə FƏTH ilə eyni səviyyədə riayət edəcəyi təqdirdə milli hökumətin yaradılması mümkündür", - deyə Trend -a Qahirədən telefonla Şaat bildirib.

Fələstinin bir-biri ilə münaqişədə olan FƏTH və HƏMAS qruplaşmaları arasında çərşənbə axşamı başlanan danışıqlar yenidən "dalana dirənib".

İsrailin "Jerusalem Post" qəzetinin yaydığı xəbərə görə, FƏTH-in danışıqlardakı nümayəndəsi İbrahim Əbu əl-Naca bildirib ki, tərəflərin fikirləri milli hökumətin gələcək siyasi proqramı məsələsində ayrılır.

Qəzet yazır ki, əl-Nacanın sözlərinə görə, FƏTH heç bir qruplaşmaya məxsus olmayan hökumətin yaradılmasını təklif edir, lakin HƏMAS Nazirlər Kabinetində yer istəyir.

FƏTH-in danışıqlar komissiyasının rəhbəri Şaat bildirib ki, hazırda FƏTH və HƏMAS, həmçinin Fələstinin digər partiyaları Fələstindaxili parçalanmalara son qoymalı olan dialoq mərhələsindədirlər.

"Biz fələstinlərin hüquqlarını müdafiə etmək istəyirik, lakin yalnız sülh və danışıqlar yolu ilə", - deyə Şaat vurğulayıb.

Şaatın sözlərinə görə, bütün tərəflərin qaydalara riayət etməsi ilə milli hökumətin yaradılması İsrailin HƏMAS üzvlərinə qarşı apardığı 22 günlük hərbi əməliyyatlardan zərər çəkən Qəzza Zolağının bərpası prosesini sürətləndirəcək.

Fars körfəzinin ərəb dövlətləri, Aİ və ABŞ Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən konfransda Qəzzanın bərpası üçün dörd mlrd. dollardan artıq vəsait ayırıblar.

Şaatın sözlərinə görə, anklavanın bərpası prosesi donor ölkələrin ayrıca siyasi qruplaşmalar, o cümlədən HƏMAS ilə deyil, vahid Fələstin dövləti ilə əməkdaşlıq edəcəyi təqdirdə mümkündür.

Əvvəllər ərəb kütləvi informasiya vasitələrində məlumat yayılmışdı ki, anklavanın bərpasında uğur əldə etmək üçün ərəb dövlətləri 2007-ci ildən FƏTH-i qovaraq Qəzza Zolağı üzərində nəzarəti ələ alan HƏMAS ilə əməkdaşlıq etməlidir.

Mötədil FƏTH və müqavimət hərəkatı HƏMAS arasında milli dialoqun yeni raundu yanvarın ortalarında İsralin Qəzzada hərbi əməliyyatları dayandırmasından sonra başlanıb.

FƏTH və HƏMAS-ın, həmçinin Fələstinin digər siyasi partiya nümayəndələrinin daxil olduğu beş komissiyanın yaradılması qərara alınıb. Komissiyaların işi 2010-cu ilin yanvarında Fələstin Muxtariyyətində keçiriləcək prezident və parlament seçkilərinin təşkil edilməsinə yönəldilib.

Komissiyaların işinə, həmçinin FƏTH partiyasının rəhbərlik etdiyi Fələstin Azadlıq Təşkilatının (FAT) siyasi strukturunun islah edilməsi daxildir.

Bütün komissiyalar işlərini martın sonunadək başa çatdırmalıdır.

HƏMAS ilə danışıqlarda FƏTH-in nümayəndə heyətinin rəhbəri Şaat Trend -a bildirib ki, tərəflər yanvarda keçiriləcək seçkilərədək davam gətirə biləcək müvəqqəti milli hökumət yaratmağa çalışırlar.

Həmçinin FƏTH və HƏMAS İsrailə qarşı münasibətə yaranan fikir ayrılıqlarının aradan qaldırılması barədə hələ ki, raşılaşma əldə edə bilmirlər.

FƏTH nümayəndələri zorakılığı pisləyir, HƏMAS isə İsrail dövlətini tanımaqdan imtina edir. HƏMAS müvəqqəti atəşkəs rejiminin əldə olunmasına hazırdır, lakin İsrailə qarşı mübarizə aparmaq hüququnu özündə saxlayır.

Qahirədə HƏMAS ilə İsrail arasında 18 ay müddətinə atəşkəs haqqında sənədin imzalanmasına dair aparılan danışıqlar uğurla nəticələnməyib. İsrail 2007-ci ildən HƏMAS-ın əsirliyində olan Qilad Şalitin azad edilməsini tələb edir. HƏMAS isə İsraildən Qəzza Zolağının mühasirədən azad edilməsi və anklava ilə sərhəddə NBM-in açılmasını tələb edir.

Lakin Şaatın sözlərinə görə, Fələstin-İsrail dialoqu ola bilsin ki, İsrailin daxilində mövcud olan qeyri-stabil siyasi vəziyyət səbəbindən altı-yeddi ay müddətinə dayandırıla bilər.

"Biz (FM) İsraildə hökumətin formalaşmasını gözləyirik. Bu hökumətə ola bilsin ki, fələstinlilər ilə əlaqələrin yaradılmasına qarşı olan Benyamin Netanyahu rəhbərlik etsin", - deyə Şaat bildirib.

Lakin, onun sözlərinə görə, hətta milli Fələstin hökumətinin tərkibində HƏMAS-ın İsrail ilə danışıqlarda iştirakı az ehtimal olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti