...

Əmək Partiyasının Netanyahunun koalisiyasına daxil olması İsraildə sabitlik yaratmayacaq

Siyasət Materials 26 Mart 2009 12:51 (UTC +04:00)
Əmək Partiyasının Netanyahunun koalisiyasına daxil olması İsraildə sabitlik yaratmayacaq

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir Ü.Sadıxova /

İsrailin Əmək Partiyası (Avoda) Benyamin Netanyahunun koalisiyasına qoşulmasına baxmayaraq sağ qüvvələrin hakimiyyətinin İsraildə stabil olacağı inandırıcı deyil.

"Koalisiyaya daxil olan "Avoda" üzvləri ilə sağçı partiyalar arasında çoxlu fikir ayrılıqları var. Bunun gələcək hakimiyyətdə qeyri-stabilliyə səbəb olacağı istisna deyil", - Trend -a telefon bağlantısı zamanı Hayfa universitetinin professoru, politoloq Amasiya Baram bildirib.

Çərşənbə axşamı Ehud Barakın partiyası "Avoda" İsrailin yeni hökumətinin formalaşdırılması tapşırılan Netanyahunun hökumət koalisiyasına daxil olmağa razılıq verib. Koalisiyaya daxil olmaq haqqında qərar partiyanın qurultayında 507 səsə qarşı 680 səs çoxluğu ilə qəbul edilib.

Mərkəzçi "Avoda" partiyasının "Likud" başçısının koalisiyasına daxil olması o deməkdir ki, sağçıların lideri Netanyahunun rəhbərlik edəcəyi İsrailin gələcək hakimiyyəti təkcə sağ yönlü siyasətə tərəfdar olmayacaq.   

"Avoda" ilə razılaşma, sağ yönlü partiyalar olan "Likud", "İsrail Bizim Evimizdir" və dini "ŞAS" partiyası koalisiyaya daxil olduqdan sonra əldə olunub.

Hökumət koalisiyası İsrailin gələcək hakimiyyətini aprelin 3-dək formalaşdırmaq üçün Netanyahuya fürsət verəcək.

Leyboristlərə məxsus olan 13 mandat Netanyahunun başçılıq etdiyi koalisiyaya gərək olan çoxluğu verəcək. Dəqiq desək 120 yerdən 66-sı.

Netanyahu hökuməti formalaşdırdığı halda Barak İsrailin müdafiə naziri postunda qalacaq.

İsrail KİV-nin yazdığına görə, Netanyahu əmidir ki, "Avoda"nın iştirak etdiyi hökumət koalisiyası sabitliyə səbəb olacaq.

Lakin İsrailin xarici siyasətində və fələstinlilərlə danışıqlar məsələsində "Avoda" ilə sağ qüvvələrin fikir ayrılıqları koalisiyadaxili qeyri-sabitliyə və parçalanmaya səbəb ola bilər.

"Likud" və müttəfiqləri "ŞAS" və "İsrail Bizim Evimizdir" fələstinlilərlə danışıqlarda sərt siyasətin tərəfdarıdırlar. "Avoda" partiyasının lideri, İsrailin müdafiə naziri Barak bunun əksinə olaraq Fələstin Muxtariyyəti ilə sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır. 

Bar-İlan Universitetinin professoru, politoloq Yəhudit Auerbaxın fikrincə, Netanyahunun Barakla koalisiyası sabit təməl əsasında qurulmayacaq.

"Avoda"da və "Likud"da daxili narzılıqlar artacaq. Netanyahunun hər partiyanın tələbləri ilə razılaşacağı inandırıcı deyil, - Trend -a telefon bağlantısı zamanı Auerbax bildirib.

Ərəb-Britaniya Həmrəyliyi Şurasının (CAABU) başçısı Kris Doyl hesab edir ki, hələ heç bir hökumət koalisiyası İsraildə sabit olmayıb.

"Netanyahuun koalisiyasındakı qeyri-stabillik leyboristlərlə sağ qüvvələr arasındakı fikir ayrılığından qaynaqlana bilər", - Trend -a telefon bağlantısı zamanı Londondan Doyl bildirib.

Onun sözlərinə əsasən, koalisiyanın bütün iştirakçıları hökumət məsələlərində eyni baxışlara əsaslanmırlar.

İsraildə hesab edirlər ki, koalisiyaya qoşulmaq nəticəsində leyboristlərin düşərgəsində parçalanma olacaq və "Avoda"dan olan bəzi deputatlar müxalifətə meyl edəcəklər.

"Avoda" partiyasını dəstəkləyən Baramın fikrincə, leyboristlərin koalisiyada iştirakı Netanyahuya fələstinlilərlə sülh danışıqlarında daha liberal və yumşaq siyasət yürütməkdə kömək edəcək. 

Ekspetin fikrincə, xarici və müdafiə siyasətində böyük səriştəsi olan Barakın dəstəyi Netanyahu üçün radikal sağ qüvvələrin təsirini zəiflətmək üçün vacibdir.

"Yalnız Barakın dəstəyi ilə Netanyahu fələstinlilərlə danışıqları davam etdirə bilər", - Baram deyib.

"Haarets" qəzetinin yazdığına görə, dünən ərəb və xarici sahibkarlar qarşısında çıxış edən Netanyahu fələstinlilərlə sülh danışıqlarını davam etdirəcəyini bildirib.

Al Jazeera saytının verdiyi məlumata görə, Fələstin Muxtariyyəti gələcək sülh danışıqlarından ötrü narahatlığını bildirib, baxmayaraq ki, Mahmud Abbas "fələstinlilər istənilən İsrail hökuməti ilə danışıqlara hazırdır" demişdi.

Qüds internet qəzetinin yazdığına görə, ötən həftə Avropa Parlamentində çıxış edən Misirin xarici işlər naziri Əhməd Əbu əl-Qeyt bəyan edib ki, İsraildə hökumət koalisiyasının yaradılması sülh prosesini çətinləşdirir.

Baramın fikrincə, İsrailin yeni hökumətində xarici işlər naziri portfelinə yiyələnəcək "İsrail Bizim Evimizdir" partiyasının lideri Libermanın siyasəti problem yarada bilər. 

Liberman iki il öncə Annapolisdə qəbul olunan razılaşmaya zidd olaraq Qərb Sahilində yəhudi yaşayış məntəqələrinin artırılmasının tərəfdarıdır.

Libermanın siyasəti İsrailin ABŞ-la münasibətlərinə də mənfi təsi edə bilər.

Danışıqlar prosesində əsas vasitəçi olan Vaşinqton hesab edir ki, Netanyahu hökuməti sülh prosesini çətinləşdirə bilər.

"Haarets" qəzetinin yazdığına əsasən, ABŞ Prezidenti Barak Obama Ağ Evdə düzənlənən mətbuat konfransında deyib ki, İsrailin formalaşmaqda olan hökumətinin sərt siyasətinə baxmayaraq, ABŞ Yaxın Şərqdə sülhün əldə olunması üçün əlindən gələni edəcək.

Obama qeyd edib ki, ABŞ Yaxın Şərqdə sülhə can atacaq və bunun əleyhinə olanlarla əməkdaşlıq etməyəcək.

"Bu baxımdan Libermanla İsrailin Xarici Siyasət İdarəsinin rəhbəri ilə danışıqlar aparmaq ABŞ tərəfi üçün çətinliklər yaradacaq. Belə olduqda ABŞ Netanyahu və "Avoda" lideri Barakla danışıqlara üstünlük verəcək", - Baram hesab edir.

"Avoda" Netanyahunun formalaşdırdığı hakimiyətdə yer alsa ABŞ üçün İsraillə danışıqlar aparmaq asan olacaq, - Baram qeyd edib.

Professor Auerbaxın fikrincə, Netanyahu üçün vacib olan Vaşinqtonla münasibətlərin yaxşı səviyyədə saxlanılmasıdır və ABŞ administrasiyası ilə fikir ayrılığından yayınmaq üçün o, siyasətini bir qədər yumşaldacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti