...

Azərbaycanda siyasi partiyaların bələdiyyə seçkisində birgə iştirakı ilə bağlı təkliflər paketi hazırlanıb

Siyasət Materials 15 Aprel 2009 10:24 (UTC +04:00)
Azərbaycanda siyasi partiyaların bələdiyyə seçkisində birgə iştirakı ilə bağlı təkliflər paketi hazırlanıb

Azərbaycan, Bаkı, 14 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın liberalyönlü partiyası bələdiyyə seçkilərində birgə iştirakla bağlı təkliflər paketi hazırlayıb.

"Biz sabahdan partiyalarla görüşlərə başlayıb, yeni blokun yaradılması üçün məsləhətləşmələr aparacağıq", - çərşənbə axşamı Trend -a Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin payızında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Əliyevin sözlərinə görə, onlar liberalyönlü partiyaların bələdiyyə seçkilərində birgə iştirakı üçün "Azad Azan" seçki blokunun təsis edilməsi təşəbbüs ilə çıxış edirlər. "Təkliflər paketində blokda təmsil olunacaq partiyaların bütün seçki məntəqələrində irəli sürəcəyi namizədlərin sayının müəyyənləşdirilməsi, hər məntəqədə bir, yaxud bir neçə nəfərin namizədliyinin irəli sürülməsinin dəqiqləşdirilməsi kimi məsələlər nəzərdə tutulur", - ALDP sədri əlavə edib.

Əliyev deyib ki, blokun təsis olunması üçün məsləhətləşmələr Azadlıq, Böyük Quruluş, Demokratik İslahatlar, Təkamül, Müsavat və digər partiyalarla aparılacaq. "Biz prosesin avqust ayına qədər başa çatmasını istəyirik. Əgər yeni bloku təsis edə bilsək, düşünürəm ki, bələdiyyə seçkilərində liberalyönlü partiyalar ciddi uğurlar əldə edə bilərlər", - partiya sədri vurğulayıb.

АLDP 1999-cu ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh Ibadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti