...

Milli Təhlükəsizlik Nazirliyi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik daşıyan üç dəstəni zərərsizləşdirib

Siyasət Materials 5 May 2009 15:54 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik daşıyan üç dəstəni zərərsizləşdirib

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan üç qrup zərərsizləşdirilib və onlardan 56 kiloqrama yaxın narkotik vasitə götürülüb.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Astara rayon sakinləri - Pərviz Əliyev, İlham Səmədov və Asəf Qasımov, Bərdə rayon sakinləri - Asəf Əzimov və Saleh Məmmədov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və digər şəxslər qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.

Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri narkotikləri Pərviz Əliyev və İlham Səmədov Xəzər hövzəsinin Astara rayonu ərazisi istiqamətində onlardan qəbul edib və Asəf Qasımovla birlikdə sahildə gizlədiblər.

Pərviz Əliyevin tapşırığı ilə Səmədov və Qasımov həmin narkotik vasitələri Astara rayonunun Kələdəhnə kəndində Asəf Əzimov və Saleh Məmmədova təhvil verib və onlar da narkotikləri gəldikləri "Mersedes" markalı avtomobilə yükləyiblər.

Bundan sonra Asəf Əzimov və Saleh Məmmədov həmin narkotikləri əvvəlcədən Astara rayonunun çıxacağında saxladıqları "BMW-X5" markalı avtomaşında gizlədiblər.

Əzimov "BMW-X5", Saleh Məmmədov isə "Mersedes" markalı avtomobildə Bərdə rayonu istiqamətində hərəkət edərkən Lənkəran şəhərində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar.

Keçirilən baxış zamanı "BMW-X5" markalı avtomaşında gizlədilmiş 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

Digər bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Astara rayon sakinləri - Ağagül Abbasquliyev, Alim Abbasov və Sumqayıt şəhər sakini Kamal Əliyev saxlanılıb. Onlardan 4 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, yuxarıda adları çəkilənlər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və digər şəxslər satış məqsədilə narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.

Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağagül Abbasquliyevin tapşırığı ilə Alim Həsənov İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri həmin narkotiki Astara rayonunun Pəlikeş kəndinin ərazisində onlardan qəbul edib meşədə gizlədib.

Sonra Ağagül Abbasquliyev Alim Həsənova narkotik vasitəni Sumqayıt şəhərinə aparmağı tapşırıb, bunun müqabilində ona 8 min ABŞ dolları veriləcəyini vəd edib.

Həsənov narkotik vasitələri idman çantasında Bakı şəhərinə gətirib və Kamal Əliyevlə Sumqayıt şəhərinin girəcəyində görüşmək barədə razılaşıblar.

Həsənov Əliyevin təlimatına əsasən taksi maşınında Sumqayıta gəlib və onlar burada görüşən zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan heroin, Kamal Əliyevdən isə Alim Həsənova vəd olunan 8 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Yardımlı rayon sakinləri - Məlik Bəşirov, onun qardaşı Fəxrəddin Bəşirov, Zəkulla Cəfərov və İslam Əkbərov da saxlanılıb, onlardan 12 kiloqramdan artıq narkotik vasitələr - heroin, həşiş və tiryək aşkarlanaraq götürülüb.

Hər üç faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.3.2-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3-cü) maddələri ilə cinayət işləri başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti