İran ilk dəfə olaraq xərçəng xəstəliyinə qarşı bitkilərdən hazırlanmış dərman istehsal edəcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb. "İranın istehsal edəcəyi dərman xərçəng xəstəliyinə qarşı ilk yerli dərmandır. Bu dərman bitkidən hazırlanıb və adı "Spinal-z"dir. Dərman yaxın üç ay ərzində istehsala buraxılacaq", - deyə İranın səhiyyə nazirinin müalicə işi üzrə müavininin müşaviri Həmidreza Rasix bildirib.
Rasix deyib ki, "Spinal-z" dərmanı xərçəng xəstəliyinə qarşı çox güclü dərman preparatıdır. Dərmanın hazırlanması məqsədi ilə araşdırmalar üçün iki il vaxt sərf olunub. Araşdırmaların aparılması məqsədi ilə 500 min dollar sərmayə yatırılıb.
Onun sözlərinə görə, "Spinal-z" dərmanı mədə xərçənginin müalicəsində istifadə oluna bilər.