Ermənistanın Azərbaycana davam edən təcavüzü regionda sülhə və sabitliyə ciddi maneə yaradır. Belə bir bəyanatla Praqada Çexiya Respublikasının prezidenti Vatslav Klausla görüşdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Bu haqda xəbəri AzərTAc dövlət agentliyi yayıb.
Görüş zamanı İlham Əliyev həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyini və genişləndiyini bildirib, respublikamızın Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etdiyini vurğulayıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin son illərdə uğurla inkişaf etdiyini də qeyd edib.
Öz növbəsində Vatslav Klaus ölkələrimizin siyasi əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayaraq bu görüşün ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivi barədə fikir mübadiləsi aparılmasına yaxşı imkanlar yaratdığını qeyd edib.
Çexiyanın dövlət başçısı Azərbaycanda və regionda gedən siyasi, iqtisadi proseslərin ölkəsində yaxından izlənildiyini deyib.
Çexiyanın Azərbaycanda səfirliyini açmağı planlaşdırdığını diqqətə çatdıran Vatslav Klaus bildirib ki, bu, əlaqələrin genişləndirilməsinə kömək edəcək.