Azərbaycan, Bakı, 14 may / Trend /
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarının möhkəm əsasları üzərində həll olunmalıdır", - Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvlərinin qəbulu zamanı bildirib, cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
"Ermənistan tərəfinin bir arqument kimi ortaya qoymağa çalışdığı öz müqəddəratını təyin etmək hüququ ilə bağlı demək istəyirəm ki, ermənilər Ermənistan dövlətini yaradarkən artıq bu hüquqdan istifadə ediblər. Əgər onların bu məntiqlərinə əsaslanılarsa, dünyada xeyli sayda erməni dövləti yaranar. Bu səhv yanaşmadır", - deyə dövlət başçısı əlavə edib.
Prezidentin sözlərinə görə, Azərbaycan həmişə danışıqlarda Ermənistan tərəfinin diqqətini Helsinki Yekun Aktına yönəltməyə çalışır.
"Bu yekun aktında ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyinetmə hüquqları barədə müddəalar açıq şəkildə öz əksini tapıb. Öz müqəddəratını təyinetmə hər hansı bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyü prinsipini poza bilməz. Buna görə də münaqişədə nizamasalınma, ilk növbədə, beynəlxalq hüquq normalarına əsaslanmalıdır ki, bu da öz növbəsində ərazi bütövlüyümüzü bərpa etməyə, orada ermənilərin və münaqişədən əvvəl Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin öz torpaqlarına qayıdaraq sülh şəraitində yaşamasına imkan verəcək", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı bildirib ki, bu gün Avropada sərhədlərin açıldığı və inteqrasiya proseslərinin getdiyi bir dövrdə heç bir ölkə öz gələcəyini təcrid olunmuş şəkildə qurmamalıdır. Bu gün Ermənistanın düşdüyü bu vəziyyəti təcavüzkar siyasət həyata keçirməklə özləri yaradıblar.
"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Torpaqlarımızın işğal faktı beynəlxalq birlik tərəfindən tanınıb. Azərbaycanın ərazi bütövlüyü də beynəlxalq səviyyədə qəbul edilib və dəstəklənib. Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünün müdafiə olunması ilə bağlı bir neçə dəfə açıq bəyanatlar veriblər. Azərbaycan BMT-yə üzv olarkən ərazi bütövlüyümüz bu təşkilat tərəfindən tanınıb", - deyə Azərbaycanın Ali Baş Komandanı bildirib.
Prezident, danışıqlarda irəliləyişə gəldikdə bunu müsbət istiqamətdə gedən proses kimi dəyərləndirib və razılaşmanın müəyyən məsələləri ilə bağlı irəliləyişə nail olunduğunu deyib
"Bir neçə il əvvəl bu irəliləyişə nail olmaq mümkün deyildi. Lakin bu irəliləyiş məsələnin nizamlanmasına nail olmaq və razılaşmanın əldə edilməsi üçün kifayət etmir. Minsk qrupunun yaranmasından 17 il keçib və bütün irəliləyişlərə baxmayaraq, heç bir nəticə yoxdur. Vəziyyət əvvəllər olduğu kimi qalmaqda davam edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayon ermənilər tərəfindən zəbt olunub", - deyə dövlət başçısı bildirib.